Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.Qərara əsasən, Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Sosioloq Mətanət Məmmədova Demokrat.az-a açıqlamasında bu qanunun Azərbaycan cəmiyyətinin uzun müddətdir gözlədiyi qanunlardan biri olduğunu deyib:
“Uzun müddət Milli Məclisdə müzakirə olunan bu təşəbbüsü biz də mətbuat vasitəsilə izləyirdik. Sevindirici haldır ki, qanun layihəsi parlamentdə müzakirə olunduqdan sonra Prezident tərəfindən də imzalanaraq qüvvəyə mindi. Bizdən əvvəl bir sıra xarici ölkələrdə, xüsusilə Avropa dövlətlərində, bu istiqamətdə oxşar məhdudiyyətlər artıq tətbiq olunub. Bu ölkələr həm texnoloji baxımdan daha inkişaf etmiş dövlətlərdir, həm də sosial şəbəkələrin və rəqəmsal platformaların yaradılmasında ön sıralarda yer alırlar. Onlar özlərinin yaratdığı internet platformalarının uşaqlara və gənclərə necə mənfi təsir göstərdiyini gördükləri üçün belə qanunlar qəbul etməyə başlayıblar. Bu gün artıq Avropanın bir neçə ölkəsində bu məhdudiyyətlər tətbiq edilir. Son dövrlərdə isə Amerika Birləşmiş Ştatlarında da bu istiqamətdə müzakirələr aparılır və sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərinin tətbiqi gündəmdədir. Belə olan halda, Azərbaycanda da bu addımın atılması təqdirəlayiq hesab edilməlidir. Qanuna əsasən, gələn ilin dekabr ayından etibarən 16 yaşına qədər uşaqların sosial şəbəkə resurslarından istifadəsinə məhdudiyyət tətbiq ediləcək. 16–18 yaş aralığında olan yeniyetmələr isə yalnız valideynlərinin razılığı və qeydiyyat prosesində onların birbaşa iştirakı ilə bu platformalardan istifadə edə biləcəklər. Avropa ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, qanunların icrasının təmin olunmasında məsuliyyət mexanizmləri mühüm rol oynayır. Xüsusilə Almaniyanı misal göstərmək olar. Bu gün həmin ölkədə qanunlara yüksək əməl olunmasının əsas səbəblərindən biri də illər ərzində formalaşdırılmış ciddi məsuliyyət və cərimə sistemidir”.
Sosioloqun fikrincə, cərimələr insanları qanunlara əməl etməyə sövq edir və onları müəyyən yanlış davranışlardan çəkindirir:
“Xüsusilə uşaqlarla bağlı məsələlərdə məsuliyyət tədbirlərinin tətbiqi daha vacibdir. Çünki uşaqlar bizim gələcəyimizdir. Sabah cəmiyyətimizi və dövlətimizi onlar formalaşdıracaqlar. Əgər kimsə uşaqların qanunda nəzərdə tutulmuş qaydadan kənar sosial şəbəkələrdən istifadəsinə şərait yaradırsa və bu məsuliyyəti dərk etmirsə, onun inzibati məsuliyyətə cəlb olunması tamamilə normaldır. Elə buna görə də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər və əlavələr edilib. Qanunun tətbiqinə qədər uzun keçid müddətinin müəyyənləşdirilməsi də təsadüfi deyil. Gələn ilin dekabr ayına qədər aidiyyəti qurumlar tərəfindən müvafiq texniki sistemlər hazırlanacaq və tətbiq olunacaq. Qeydiyyat zamanı istifadəçilərin yaşının müəyyənləşdirilməsi üçün mexanizmlər qurulacaq. Bu, sadə proses olmadığı üçün qanunun icrasına hazırlıq məqsədilə kifayət qədər vaxt ayrılıb. İnanıram ki, nəticədə bu addım öz müsbət təsirini göstərəcək. Uşaqları sosial şəbəkələrdən və rəqəmsal mühitdən müəyyən qədər uzaq saxlamaq onların daha sağlam və xoşbəxt böyüməsinə kömək edəcək. Uşağın öz dünyası var, oyunları, dostları, açıq havada keçirdiyi vaxt, təbiətlə ünsiyyəti. Biz onları məhz bu istiqamətə yönəltməliyik. Vaxtından əvvəl əllərinə telefon verib saatlarla ekran qarşısında oturmaqlarına şərait yaratmamalıyıq. Digər tərəfdən, uşaqlar əksər hallarda valideynlərinin telefonlarından istifadə edirlər. Valideyn hansı məzmuna baxırsa, telefonu uşaq əlinə alan kimi oxşar məzmunlar onun qarşısına çıxır. Belə olan halda, uşaqların yaşlarına uyğun olmayan kontentlərlə qarşılaşması qaçılmaz olur. Bundan əlavə, bəzən bizə göndərilən adi bir keçidi açarkən belə, müxtəlif reklamlar, qumar oyunlarına çağırışlar və uşaqlar üçün uyğun olmayan məzmunlar qarşıya çıxır. Uşaqların bunlarla qarşılaşması düzgün deyil”.
Mətanət Məmmədova bildirib ki, son zamanlar uşaqlar arasında zorakılıq hallarının artması, müəllimlərə və ya digər şagirdlərə qarşı aqressiv davranışlar, məktəbə silahla getmə kimi hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur:
“İnternet mühitində yayılan zorakılıq məzmunları və mənfi təsirlər də bu problemlərin formalaşmasında müəyyən rol oynayır. Uşaq beyni çox həssasdır. O, gördüyü və davamlı olaraq məruz qaldığı informasiyanı asanlıqla qəbul edir və yaddaşına həkk edir. Məhz buna görə də belə qanunun qəbul olunmasını təqdirəlayiq hesab edirəm. Azərbaycan cəmiyyətinin böyük hissəsi də bu qanunu müsbət qarşılayır və onun gələcəkdə faydasını görəcəyimizə inanır. Çünki uşaqlar uşaqlığını yaşamalıdırlar. Onların vaxtından əvvəl yaşlarına uyğun olmayan görüntülərlə, nalayiq ifadələrlə, zorakılıq və digər mənfi məzmunlarla qarşılaşması sağlam tərbiyə baxımından düzgün deyil. Biz uşaqları rəqəmsal dünyanın zərərli təsirlərindən nə qədər qoruya bilsək, onlara bir o qədər sağlam, təhlükəsiz və xoşbəxt gələcək təmin etmiş olarıq. Mən düşünürəm ki, bu qanun həm uşaqlarımız, həm də bütövlükdə Azərbaycan cəmiyyətinin gələcəyi üçün mühüm töhfə olacaq”.


