Sosial Özəl

İstərdik ki, bütün vətəndaşlarımız imkan daxilində ölkəmizdə təhsil alsınlar — Ekspert

İstərdik ki, bütün vətəndaşlarımız imkan daxilində ölkəmizdə təhsil alsınlar — Ekspert

Azərbaycanda hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edən minlərlə abituriyent müxtəlif səbəblərdən tələbə adını qazana bilmir. Aşağı bal toplayan və ya ixtisas seçimi mərhələsində uğur əldə etməyən gənclərin sayı cəmiyyətdə təhsil sisteminin səmərəliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hər il minlərlə abituriyent aşağı bal toplasa da, ölkənin bəzi ali təhsil müəssisələrinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olur.

İstərdik ki, bütün vətəndaşlarımız imkan daxilində ölkəmizdə təhsil alsınlar — Ekspert

Onun sözlərinə görə, ölkədə təhsil ala bilməyənlərin bir qismi isə xaricdə təhsil almağa üstünlük verir:

“Amma əlbəttə ki, istərdik ki, bütün vətəndaşlarımız imkan daxilində ölkənin təhsil müəssisələrində təhsil alsınlar. İstər peşə, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələri olsun, əsas məqsəd gənclərin təhsil almasıdır. Bunun üçün düşünürəm ki, qəbul imtahanlarında sualların müəyyən hissəsinin abituriyentlərin bilik səviyyəsinə daha uyğun hazırlanması vacibdir. Suallar həddindən artıq çətin olmamalı, daha balanslı və məntiqi şəkildə hazırlanmalıdır ki, abituriyentlər öz biliklərini tam nümayiş etdirə və daha yaxşı nəticə göstərə bilsinlər.

Təhsil müəssisələrində isə bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Məsələn, Elm və Təhsil Nazirliyinin təmayülləşmə sahəsində gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu istiqamətdə həyata keçirilən islahatlar yaxın illərdə öz müsbət nəticələrini göstərəcək. Çünki təmayül sinifləri şagirdlərin seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə, eyni zamanda ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini artırmağa xidmət edir.

Təhsildə aparılan islahatların real nəticələrini həmin təmayül siniflərində təhsil alan şagirdlərin qəbul göstəricilərində daha aydın görəcəyik. Düşünürəm ki, bu islahatların ilk nəticələri 2027–2028-ci illərdə özünü göstərəcək və həmin dövrdə islahatların nəticələrini daha obyektiv qiymətləndirmək mümkün olacaq”.

Nuray Paşşanlı

D
demokrat.az