Azərbaycanda iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanların sayında son illərdə müşahidə olunan azalma kənd təsərrüfatı sektorunda diqqət çəkən məsələlərdən birinə çevrilib. Heyvandarlıq sahəsində bu tendensiya həm yerli istehsalın həcmi, həm də ət və süd məhsullarının qiymətlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs heyvan sayının azalmasının əsas səbəbləri nələrdir, bu proses gələcəkdə ölkənin ət və süd təminatına, qiymətlərə və ərzaq təhlükəsizliyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, heyvandarlıqla məşğul olan fermerlərin əsas məqsədi qonşu ölkələrdə olduğu kimi heyvan sayını artırmaq və daha çox gəlir əldə etməkdir.

Onun sözlərinə görə, azərbaycanlı fermerlərin qonşu ölkələrin, xüsusilə Gürcüstan və Rusiya fermerləri ilə müqayisədə daha əlverişli imkanları var:
“Çünki Azərbaycanda ətin qiyməti yüksəkdir və son illərdə artım tendensiyası müşahidə olunur. Bu da fermerlər üçün daha çox iribuynuzlu və xırdabuynuzlu heyvan saxlamaq, ət və süd istehsalından gəlir əldə etmək baxımından əlverişli şərait yaradır.
Azərbaycanda süd və süd məhsullarının qiyməti qonşu ölkələrlə müqayisədə təxminən 20–30 faiz yüksəkdir. Ətin qiyməti də apardığımız müqayisələrə əsasən bir sıra qonşu ölkələrdən daha bahadır. Belə bazar imkanlarının olmasına baxmayaraq, fermerlərin heyvandarlığı genişləndirməkdə çətinlikləri var. Bunun əsas səbəblərindən biri yem bazasının kifayət qədər inkişaf etməməsidir. Yem və ot istehsalında müəyyən çatışmazlıqlar mövcuddur. Eyni zamanda qüvvəli yem istehsalının artırılmasına ehtiyac var. Örüş sahələrinin azalması və mövcud ərazilərdə məhsuldarlığın aşağı olması da heyvandarlığın inkişafına təsir edən amillərdəndir.
Bu problemlərin həlli istiqamətində uzun illərdir müxtəlif təkliflər səsləndirilir. Əsas məsələlərdən biri örüş sahələrindən səmərəli istifadə olunmasıdır. Bəzi hallarda bu ərazilərin təyinatına uyğun istifadə edilməməsi və müxtəlif təsərrüfat məqsədləri üçün ayrılması nəticəsində heyvandarlıq üçün nəzərdə tutulan sahələr azalır.
Digər tərəfdən, bəzi örüş ərazilərinin iri fermer təsərrüfatlarının və aqroparkların istifadəsinə verilməsi də heyvandarlıqla məşğul olan kiçik və orta fermerlərin imkanlarına təsir göstərə bilər. Bu baxımdan örüş sahələrinin idarə olunması və istifadəsi məsələsinə daha diqqətli yanaşmağa ehtiyac var.
Hazırda Azərbaycanda heyvan saxlamaq üçün imkanların genişləndirilməsi müəyyən çətinliklərlə üzləşir. Örüş sahələrinin məhdudluğu ilə yanaşı, yem istehsalının həcmi də tələbatı tam qarşılamır. Azərbaycan yem çuğundurunun istehsalının geniş yayılmadığı ölkələrdən biridir. Eyni zamanda silos istehsalının artırılmasına ehtiyac var. Halbuki əvvəlki dövrlərlə müqayisədə bu sahədə daha yüksək göstəricilər mövcud olub. Dövlət tərəfindən bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Əsas addımlar sırasında örüş ərazilərində məhsuldarlığın artırılması, yem bazasının gücləndirilməsi, keyfiyyətli yem məhsullarının istehsalının genişləndirilməsi və fermerlərin imkanlarının artırılması yer alır”.
Ekspert əlavə edib ki, bu məsələyə ciddi yanaşmaq vacibdir:
“Azərbaycan digər ölkələrlə müqayisədə heyvanlar üçün zəngin yem rasionunun formalaşdırılması baxımından müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri də kənd təsərrüfatına təsir göstərən amillərdən biridir. Lakin müxtəlif ölkələrin təcrübəsi göstərir ki, düzgün idarəetmə və müasir yanaşmalar tətbiq etməklə bu sahədə inkişaf əldə etmək mümkündür.
Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələrdə iqlim şəraitinin müəyyən çətinliklərinə baxmayaraq, kənd təsərrüfatı və heyvandarlıq sahəsində inkişaf istiqamətində addımlar atılır. Azərbaycanın da bu sahədə böyük potensialı var.
Ölkənin hər il heyvandarlıq məhsullarının idxalına əhəmiyyətli vəsait xərclədiyini nəzərə alsaq, həmin imkanların yerli istehsalın inkişafına yönəldilməsi həm fermerlərin gəlirlərinin artmasına, həm də daxili bazarın təminatına müsbət təsir göstərə bilər.
Bəzi hallarda heyvandarlıq sahəsində yaranan problemlərin səbəbi kimi fermerlərin fəaliyyəti göstərilir. Lakin fermerlərin əsas məqsədi təsərrüfatlarını inkişaf etdirmək və gəlir əldə etməkdir. Mövcud çətinliklər isə onların imkanlarını məhdudlaşdırır. Buna görə də bəzi fermerlər heyvan sayını azaltmaq məcburiyyətində qalırlar.
Heyvan sayının azalması ilə yanaşı, sonradan həmin göstəricilərin bərpası da müəyyən vaxt tələb edir. Xaricdən gətirilən heyvanların da məhsuldarlığı hər zaman gözlənilən səviyyədə olmur. Bu səbəbdən damazlıq işlərinin düzgün təşkili və keyfiyyətli heyvan seçiminə diqqətin artırılması vacibdir.
Ümumilikdə, heyvandarlığın inkişafı üçün yem bazasının gücləndirilməsi, fermerlərin dəstəklənməsi və mövcud resurslardan daha səmərəli istifadə olunması əsas məsələlərdən biridir”, – deyə bildirib.


