Ermənistan parlamentində baş verən rəhbərlik dəyişikliyi ölkənin daxili siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Beş il Milli Assambleyaya rəhbərlik edən Alen Simonyanın yenidən bu vəzifəyə namizəd göstərilməməsi və onun yerinə Ruben Rubinyanın seçilməsi İrəvanın gələcək siyasi xətti ilə bağlı suallar yaradıb. Xüsusilə Rubinyanın Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə kimi fəaliyyəti onun yeni vəzifədə regional proseslərə mümkün təsirini gündəmə gətirir.
Bəs bu dəyişiklik Ermənistanın daxili siyasəti və Azərbaycanla sülh prosesinə necə təsir göstərə bilər?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan parlamentində sədr dəyişikliyinin olduqca ciddi səbəbləri var və bu səbəblər bir neçə faktorla bağlıdır.

Onun sözlərinə görə, seçki ərəfəsində Baş nazir Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri məhz Alen Simonyan idi:
“Ancaq seçkilər başa çatdıqdan sonra erməni Baş naziri parlament sədrini dəyişmək qərarına gəldi. Böyük ehtimalla bu siyasi dəyişiklik təkcə Paşinyanla Alen Simonyan arasındakı şəxsi münasibətlərlə bağlı deyil, daha çox kənar faktorların təsiri ilə izah olunur.
Birinci önəmli faktor ondan ibarətdir ki, Alen Simonyan Rusiyanın ən sərt tənqidçilərindən, hətta Rusiyanı təhqiramiz formada tənqid edən erməni siyasətçilərindən biri idi. Böyük ehtimalla Nikol Paşinyan Rusiya ilə qarşıdurmanı müəyyən qədər nəzarətdə saxlamaq və təzyiqləri azaltmaq məqsədilə Rusiyanın düşməni kimi qəbul edilən siyasətçini parlament rəhbərliyindən uzaqlaşdırdı.
Bununla belə, bu addımın Rusiya-Ermənistan münasibətlərinə hansı səviyyədə təsir göstərəcəyi hələlik aydın deyil.
Digər önəmli məqam ondan ibarətdir ki, Alen Simonyana qarşı Ermənistan daxilində də ciddi narazılıq və müqavimət mövcud idi. Çünki o, son aylarda açıq şəkildə Azərbaycanla yaxınlaşma siyasətinin tərəfdarı kimi çıxış edir və Bakıya səfər etmək niyyətini bəyan edirdi. Bu isə Ermənistanın siyasi dairələrində ciddi narazılıq yaradırdı. Böyük ehtimalla indiki vəziyyətdə və Rusiya ilə qarşıdurma şəraitində Paşinyan hakimiyyəti üçün bu xətt o qədər də sərfəli deyildi. Buna görə də Azərbaycanla yaxınlaşma siyasətinin tərəfdarı kimi görünən Alen Simonyan parlament sədri vəzifəsini itirdi.
Üçüncü önəmli faktor isə yeni təyin olunan Ruben Rubinyanla bağlıdır. Ruben Rubinyanın qardaşı TRIPP layihəsinin icrası üçün yaradılmış fondun rəhbəri ilə yaxın münasibətlərə malikdir və özü də rus milyarderin yaxın ətrafına daxildir. Ehtimal olunur ki, ABŞ tərəfi də bu amili nəzərə alaraq Rubinyanın parlament sədri seçilməsini məqsədəuyğun hesab etmiş ola bilər. Digər mühüm məqam isə Ruben Rubinyanın Türkiyə ilə normallaşma prosesində fəal rol oynamasıdır. Hesab olunur ki, bu siyasətin əsas icraçılarından birinin parlament sədri olması iki ölkə arasındakı problemlərin həllinə müsbət təsir göstərə bilər.
Bu baxımdan Paşinyan–Simonyan məsələsi şəxsi ziddiyyətlərdən daha çox geosiyasi və daxili siyasi amillərin təsiri ilə izah oluna bilər”, – deyə Elçin Xalidbəyli fikrini tamamlayıb.
Qeyd edək ki, beş il Ermənistan Milli Assambleyasının sədri olan Alen Simonyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qərarı ilə yenidən bu vəzifəyə namizəd göstərilmədi və parlament sədri vəzifəsindən ayrıldı. Onun yerinə uzun müddət vitse-spiker və Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Ruben Rubinyan seçilib.


