Abşeron rayonunda 57 yaşlı kişi evində qonaq olan qardaşı oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Ələddin qardaşı oğlu Sübhan (adlar şərtidir – red.) ilə mübahisə edib.
Belə ki, 57 yaşlı kişi qardaşı oğlunun növbəti dəfə alkoqol sərxoşluğu vəziyyətində evə gəlməsinə görə ona irad bildirib və evi tərk etməsini tələb edib. Bu zaman aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib.
O, həmin mübahisə əsnasında əsəbiləşərək qardaşı oğlunun üzərinə hücum edib, əl, yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Ələddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməli etiraf edib. O, qardaşı oğlu ilə barışdığını, onun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


