Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Fərid İlhamoğlu bildirib ki, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində bacı və iki qardaşın dənizdə batdığı ərazidə daha əvvəl də 4 nəfər həyatını itirib. Onun sözlərinə görə, təhlükəli ərazilər sırasında Mərdəkan-Şüvəlan qəsəbəsində yerləşən “Şimal” DRES və “Milqaya”, Bilgəh qəsəbəsi, Nardaran qəsəbəsindəki 12-ci dalan və “Daçnik”, Novxanı qəsəbəsində yerləşən Sarıqaya, eləcə də Sahil qəsəbəsində “Mayak” kimi tanınan ərazi xüsusi təhlükəli hesab olunur.
Bu ərazilərdə boğulma hallarının tez-tez baş verməsinin əsas səbəbləri nələrdir? İnsanlar bu təhlükəni necə əvvəlcədən müəyyən edə bilərlər?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Xəzər dənizində baş verən boğulma hadisələrinin əsas səbəblərindən biri insanların maarifləndirilməməsi, eləcə də aidiyyəti qurumların və valideynlərin bu məsələyə kifayət qədər diqqət ayırmamasıdır:
“Burada həm məktəblərin, həm bəzi nazirliklərin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Xəzər dənizi sahilində, eləcə də Qarabağ kanalı, Kür çayı, Şirvan kanalı, Mingəçevir və Şəmkir su anbarları, göllərin ətrafında yaşayan insanların hər biri üzməyi bacarmalıdır. Təəssüf ki, bir çox valideyn uşaqlarını üzgüçülüyə həvəsləndirmək əvəzinə onları sudan qorxudur. Nəticədə isə uşaqlar və gənclər fürsət tapan kimi nəzarətsiz şəkildə suya girirlər və bu, faciə ilə nəticələnə bilir. Boğulma hallarının digər səbəblərindən biri də sərxoş vəziyyətdə dənizə girməkdir.
Ümumiyyətlə, insanların su ilə davranış qaydaları barədə elementar bilikləri yoxdur. Suya necə girmək, necə üzmək, təhlükə zamanı suyun üzərində necə qalmaq lazım olduğunu bilmirlər. Belə hallarda isə insanı öldürən çox vaxt panika və qorxu olur. Qeyd olunan ərazilər relyef baxımından həqiqətən təhlükəli ola bilər. Amma insan suya girəndə əvvəlcə dayaz hissədə qalmalıdır. Üzməyi bacarmayan şəxs ən uzağı suyun boğazına qədər olduğu hissəyə girməlidir. Təəssüf ki, buna əməl edilmir. İnsan ayağının yerdən üzüldüyünü hiss edən kimi panikaya düşür, su udur və nəticədə boğulma baş verir. Bu baxımdan FHN nümayəndəsinin dedikləri doğrudur”.
Ekoloq digər mühüm problemin çimərliklərin böyük əksəriyyətinin ödənişli olması, pulsuz ictimai çimərliklərin sayının isə çox az olması ilə bağlı olduğunu bildirib.:
“İnsanlar buna görə nəzarətsiz, “vəhşi” sahillərə üz tuturlar. Həmin ərazilərdə isə nə xilasedici var, nə də təhlükəsizlik nəzarəti. Bu da faciələrin sayını artırır. Ən azı həmin ərazilərdən istifadə edən şəxslər və ya sahibkarlar təhlükəsizlik tədbirləri görməyə məcbur edilməlidir. FHN əməkdaşları və ya lisenziyalı xilasedicilər həmin ərazilərə cəlb olunsa, bir çox faciənin qarşısını almaq olar. Bu hadisələr təkcə bir insanın həyatı ilə bitmir. Dövlət öz insan resursunu itirir, ailələr övladlarını itirir. Elə ailələr var ki, eyni hadisədə iki övladını birdən itirir. Bu isə onların ömür boyu davam edən ağır faciəsinə çevrilir”.
Qorxmaz İbrahimli qeyd edib ki, belə hadisələrin qarşısını almaq üçün ilk növbədə valideynlər uşaqlarına üzməyi öyrətməli, onları sudan qorxutmamalıdırlar:
“Uşaqlar idmana, sağlam həyat tərzinə, xüsusilə də üzgüçülüyə təşviq edilməlidirlər. Əsas məqsəd təkcə təhsil vermək deyil, həm də uşaqlarda həyat bacarıqları formalaşdırmaqdır. Üzgüçülük də həmin bacarıqlardan biridir. Azərbaycanın Xəzər dənizi, Kür və Araz çayları, su anbarları və gölləri kimi böyük su ehtiyatları var. İnsanlar bu imkanlardan təhlükəsiz şəkildə istifadə etməyi bacarmalı, üzməyi öyrənməli, günəşdən və D vitaminindən faydalanmalıdırlar. Bunun üçün uşaqlar kiçik yaşlarından üzgüçülüyə cəlb edilməli, panika deyil, təhlükəsiz davranış qaydaları öyrədilməlidir. FHN-in təhlükəli ərazilərlə bağlı xəbərdarlıqları yerindədir. Lakin bununla yanaşı, aidiyyəti dövlət qurumları həmin ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməli, xilasedicilərin sayını artırmalıdırlar. Məqsəd insanların suya getməsinin qarşısını almaq deyil, onların təhlükəsiz istirahətini təmin etmək olmalıdır. Dənizdə insanların həyatını qorumaq hər kəsin ortaq məsuliyyətidir”.


