Sosial Özəl

Dünənki faciənin arxasındakı psixoloji məqamlar — Açıqlama

Dünənki faciənin arxasındakı psixoloji məqamlar — Açıqlama

Cəmiyyətin diqqətini çəkən ən ağır cinayət hadisələrindən biri də qətldən sonra törədicinin öz həyatına son qoymasıdır. Qarşı tərəfə xəsarət yetirdikdən sonra özünə qəsd edənlərin psixoloji problemləri nədir? Onlar həbsə düşməmək üçün bu addımı atırlar?

Demokrat.az-a bu barədə açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, şəxs başqasını öldürdükdən və ya ona ağır xəsarət yetirdikdən sonra bəzən əsəbindən divara vurur, əlini qanadır, hətta özünə də xəsarət yetirir:

“Bunun əsas səbəblərindən biri güclü peşmançılıq və günahkarlıq hissidir. Şəxs törətdiyi əməlin ağırlığı ilə baş edə bilmir və “Mən nə etdim?” sualı ilə üz-üzə qalır. Digər tərəfdən, burada çarəsizlik hissi də ön plana çıxır. O, həbs olunacağını, bu vəziyyətdən qaça bilməyəcəyini, dörd divar arasında yaşaya bilməyəcəyini düşündükdə, çıxış yolunu öz həyatına son qoymaqda görə bilər. Ona elə gəlir ki, bu vəziyyətdən qurtulmağın yeganə yolu budur.

Belə vəziyyətdə şəxs kəskin emosional böhran yaşayır. Bu zaman onda yalnız əsəb deyil, daha çox qəzəb, ümidsizlik və panika hissləri üstünlük təşkil edir. Belə emosional vəziyyətdə impulsiv davranışlar göstərə bilər. Buna görə də qarşı tərəfə xəsarət yetirən şəxs sonrakı mərhələdə özünə də zərər verə bilər. Psixologiyada istifadə etdiyimiz güzgü terapiyası və ya iki stul (iki kreslo) terapiyası kimi metodlarda şəxs özü ilə üz-üzə qalır və özünə suallar verərək davranışının səbəblərini anlamağa çalışır. Məqsəd onun niyə bu qədər qəzəbləndiyini və niyə belə reaksiya verdiyini özü üçün aydınlaşdırmasıdır”.

Psixoloq qeyd edib ki, bəzən şəxs psixoloji baxımdan elə ağır vəziyyətdə olur ki, reallığı düzgün qiymətləndirməkdə çətinlik çəkir:

“Ancaq qətl törədən şəxslərin böyük əksəriyyətini psixi xəstə hesab etmək düzgün deyil. Burada söhbət hər zaman psixi xəstəlikdən getmir və bunu hər kəsə şamil etmək olmaz. Bir şəxsin qətl törətməsi avtomatik olaraq onun anlaqsız vəziyyətdə olması demək deyil.

Əslində, anlaqsız vəziyyətdə olan şəxs törətdiyi əməli dərk etmir və çox vaxt özünə qəsd etməsi də bu səbəbdən mümkün olmur. Lakin sağlam düşünmə qabiliyyətinə malik biri baş verənləri dərk etdikdə, etdiyi hərəkətin nəticələrini və onu nə gözlədiyini düşündükdə güclü peşmançılıq və günahkarlıq hissi keçirə bilər. Bəzən bu hisslərin ağırlığı altında öz həyatına da son qoyur. Bununla belə, təkcə sonradan özünə zərər vurmasına baxaraq onun motivini və ya psixoloji vəziyyətini dəqiq müəyyən etmək mümkün deyil. Həmin an şəxsin daxilində hansı emosional proseslərin getdiyini kənardan tam qiymətləndirmək olmaz. Buna görə də belə hallarda hər kəsi psixi pozuntulu və ya psixotik vəziyyətdə olan şəxs kimi qiymətləndirmək düzgün yanaşma deyil. O, əməli bilərəkdən törətmiş ola bilər, lakin sonradan bunun yaratdığı ağır psixoloji yükün öhdəsindən gələ bilmədiyi üçün özünə də qəsd edə bilər”.

Qeyd edək ki, oxşar hadisə ötən gün Abşeron rayonunda baş verib. İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov həyat yoldaşına bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək ölüb.

Fidan Hacızadə

D
demokrat.az