ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatın dayandırıldığını açıqlaması Yaxın Şərqdə yeni siyasi müzakirələrə səbəb olub. Qərarın diplomatik danışıqların davam etdirilməsi və mümkün razılaşma perspektivi ilə əlaqələndirilməsi regionda gərginliyin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs bu addım ABŞ-İran münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcıdır, yoxsa yalnız taktiki xarakter daşıyan müvəqqəti addımdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirib ki, ABŞ tərəfindən İranla bağlı mütəmadi olaraq bəyanatlar verilir.

Onun sözlərinə görə, iki gün əvvəl belə bir açıqlama səslənib, dünən isə ABŞ-ın İrana havadan zərbələr endirə biləcəyi ilə bağlı xəbərlər yayılıb:
“Ona görə də indiki halda bu məsələləri birmənalı şəkildə qiymətləndirmək olmaz. Fakt ondan ibarətdir ki, ortada ziddiyyət və konflikt var, münaqişənin həll edilməsi ilə bağlı isə fikir ayrılıqları mövcuddur. Nə qədər ki, bu fikir ayrılıqları və ziddiyyətlər aradan qalxmayıb, müharibə riski yüksək olaraq qalır. ABŞ-da məlumdur ki, noyabr ayında Konqres seçkiləri keçiriləcək. Bu kontekstdə bilirik ki, həm İsraildə, həm də ABŞ-da seçki amili olduqca vacibdir. Netanyahu da seçkiqabağı elektoratı daha çox özünə cəlb etmək üçün bu və ya digər formada məğlub olmayan lider obrazı ilə seçkilərə getməyə çalışır. Seçkilər yaxınlaşdıqca tərəflər arasında vəziyyətin gərginləşdiyinin və daha radikal bəyanatların səsləndirildiyinin şahidi oluruq.
Amma reallıq ondan ibarətdir ki, ortada ciddi hərbi irəliləyiş yoxdur. Hətta ən kiçik hərbi irəliləyiş belə müşahidə edilmir. Bu isə deməyə əsas verir ki, ABŞ əslində müharibə yolunu seçmək istəmir. Vaşinqtonun məqsədi iqtisadi vasitələrlə İranı zəiflətmək, təzyiq göstərmək və diplomatik danışıqlarda üstün mövqe əldə etməkdir.
Məsələnin paradoksal tərəfi isə ondan ibarətdir ki, İran da geri çəkilmir. Həm danışıqlar masasında, həm də hərbi müstəvidə İranın kifayət qədər prinsipial mövqe nümayiş etdirdiyini müşahidə edirik. Bu isə onu göstərir ki, İran daxilindəki hərbi və dini qruplaşmaların bir hissəsi gərginliyin artmasının tərəfdarıdır və onlar de-eskalasiya prosesini dəstəkləmirlər. İranın Xarici İşlər Nazirliyinin və diplomatik danışıqları aparan şəxslərin tənqid olunması da göstərir ki, ölkədəki hərbi qruplaşmalar hazırda özlərini daha arxayın hiss edir və əldə etdikləri mövqeləri itirmək istəmədikləri üçün ABŞ və İsraillə münasibətlərin normallaşdırılması siyasətinin tərəfdarı deyillər. Bu isə öz növbəsində yaxın aylarda gərginliyin arta biləcəyindən xəbər verir”, - deyə politoloq fikrini tamamlayıb.


