Şou-biznes Özəl

Özgə Özpirinççi Kübra Süzgünün ittihamlarına cavab verdi

Özgə Özpirinççi Kübra Süzgünün ittihamlarına cavab verdi

Türkiyənin məşhur aktrisası Özgə Özpirinççi vaxtilə birlikdə çəkildiyi “Kadın” serialının uşaq ulduzu Kübra Süzgünün ünvanına səsləndirdiyi ittihamlardan sonra ilk dəfə açıqlama verib.

Demokrat.az xəbər verir ki, Kübra Süzgün sosial şəbəkədə paylaşdığı videoda göz yaşları içində danışaraq, yeddi il əvvəl Özpirinççinin onu və ailəsini təhlükəli şəxslərin hədəfinə çevirdiyini iddia edib. Gənc aktrisa bildirib ki, həmin hadisələrdən sonra nə uşaqlığını, nə də gəncliyini normal yaşaya bilib.

O, atasının ailəni qorumaq üçün bütün imkanlarını səfərbər etdiyini və bu mübarizənin hələ də davam etdiyini deyib.

Gündəm yaradan açıqlamalardan sonra Özgə Özpirinççi sosial media hesabında geniş bəyanat yayıb.

Aktrisa bildirib ki, 2017–2019-cu illərdə “Kadın” serialının çəkilişləri zamanı Kübra Süzgünün atası Serkan Süzgün ondan vəkil tövsiyəsi istəyib. O isə yalnız öz vəkili Nail Gönenlinin adını verib və bundan sonra hüquqi prosesin heç bir mərhələsində iştirak etməyib.

Özpirinççi vurğulayıb ki, son yeddi il ərzində özü, ailəsi və yaxın çevrəsi haqqında həqiqətə uyğun olmayan ittihamlar, böhtanlar, təhdidlər və təhqirlərlə üzləşib.

Aktrisa bildirib ki, indiyədək susmasının əsas səbəbi Kübra Süzgünün daha çox zərər görməsini istəməməsi olub.

Onun sözlərinə görə, proses son dərəcə həssasdır və azyaşlı bir şəxsin psixoloji inkişafı ilə bağlı məsələni ictimai müzakirə mövzusuna çevirmək düzgün deyil.

“Susmağımın haqqımdakı həqiqətə uyğun olmayan iddiaları qəbul etdiyim və ya onlara cavabım olmadığı kimi qiymətləndirilməsini qəbul etmirəm”, deyə Özpirinççi bildirib.

O əlavə edib ki, ünvanına səsləndirilən ittihamların heç biri həqiqəti əks etdirmir və şəxsi hüquqlarının müdafiəsi üçün artıq hüquqi prosedurlara başlanılıb.

Aktrisa qeyd edib ki, davam edən məhkəmə prosesi və azyaşlının mənafeyi nəzərə alınaraq məsələ ilə bağlı bundan sonra əlavə açıqlama verməyəcək.

Jalə Demokrat.az

D
demokrat.az