Ankaranın Etimesgut Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə Beşikçioğlunun da daxil olduğu bir sıra şübhəlilərin həbsinə qərar verib.
Məlumata görə, istintaq çərçivəsində saxlanılan 55 nəfərdən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib. Digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
İstintaq materiallarında şübhəlilər "dövlət satınalmalarında qanun pozuntularına yol vermə", "vəzifə səlahiyyətlərindən sui-istifadə", "mənimsəmə" və "cinayət məqsədilə təşkilatlanma" maddələri üzrə ittiham olunurlar.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, istintaq zamanı bələdiyyənin maliyyə fəaliyyəti, tender sənədləri və digər rəsmi materiallar araşdırılır. Həmçinin bələdiyyənin bəzi texniki və maliyyə imkanlarından qanunsuz istifadə edildiyi iddiaları da araşdırma predmetidir.
Həbs olunanlar arasında Etimesgut Bələdiyyəsinin rəhbər heyətində təmsil olunan bir neçə vəzifəli şəxs də var. Onların arasında bələdiyyə sədrinin müavinləri Mutlu Kerimoğlu, Taylan Özgüven və İhsan Bahri Beyler, eləcə də bələdiyyə sədrinin mühafizəçisi Hüseyin Yılmazın olduğu bildirilir.
Hazırda istintaq davam edir. Türkiyə hüquq-mühafizə orqanları bələdiyyənin maliyyə sənədləri və digər materiallar üzərində araşdırmaları davam etdirir.
Jalə Demokrat.az


