Siyasət Özəl

Ana dilimizin qorunması həm də mədəni təhlükəsizlik məsələsidir — Vasif Sadıqlı

Ana dilimizin qorunması həm də mədəni təhlükəsizlik məsələsidir — Vasif Sadıqlı

“2001-ci ildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması, əslində, təkcə simvolik addım deyildi. Bu qərar dövlətin dil siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Məlumdur ki, Azərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı deyib.

Ana dilimizin qorunması həm də mədəni təhlükəsizlik məsələsidir — Vasif Sadıqlı

Onun sözlərinə görə, son onilliklərdə dilimizin geniş istifadəsi, onun əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb:

“Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət dilinin hüquqi statusu, işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyən edilib. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olunandan sonra latın qrafikalı əlifbaya tam keçid başa çatdırılıb. Dövlət dili haqqında qanunvericilik təkmilləşdirilib və onun tətbiqinə nəzarət mexanizmləri formalaşdırılıb. Lüğətçilik və terminologiya sahəsində ciddi işlər görülüb. Amma problemlər də yetərincədir. Xüsusən lüğətçilik sahəsində. Məsələn, Azərbaycan dilinin izahlı lüğətinin hazırlanmasına 40-cı illərdə başlanılıb, 1987-ci ildə lüğətin son cildi nəşr edilib. Lüğətin təkcə II cildinin nəşrinə 14 il vaxt gedib. Dünyanın zəngin dillərindən biri olan Azərbaycan dilinin izahlı lüğəti cəmi 4 cilddir! Amma Rusiyada 15 ildə yakut dilinin 15 cildlik izahlı lüğəti hazırlanıb. Zənnimcə, Azərbaycan dilinin yakut dilindən dəfələrlə zəngin olduğunu vurğulamağa ehtiyac yoxdur”.

Vasif Sadıqlı orfoqrafiya lüğətlərinin hazırlanması və nəşri işinin də qənaətbəxş sayıla bilməyəcəyini vurğulayıb:

“Bu lüğətin qanunvericilikdə nəzərdə tutulduğu kimi – 5 ildən bir yenilənməsi təmin edilmir. 2012-ci ildə nəşr edilən orfoqrafiya lüğəti ciddi nöqsanlara görə Prezident Administrasiyasının tənqidinə tuş gəlmiş, kitabxanalardan və satışdan yığışdırılmışdı. 2013-cü ildə nəşr edilən lüğətdə isə 30 minə yaxın qondarma söz vardı. Hazırda orfoqrafiya lüğətinin 8-ci nəşri üzərində iş gedir. Ümid edək ki, bu lüğət əvvəlkilərdən yaxşı mənada fərqlənəcək.

Son onilliklərdə qloballaşma ilə bağlı təhdidlər durmadan artmaqdadır. Hazırda böyük güclərin xüsusən texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə milli mədəniyyət və dillərə təsiri artır. Bu, bir çox dillərin sıradan çıxması və yalnız məişət səviyyəsində işlənilməsi ilə nəticələnəcək. Hazırda dilimizin məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu deyə bilmərik. Amma Azərbaycan dili tam təhlükəsiz zonada da deyil: indiki vəziyyəti daha çox “təzyiq altında inkişaf” adlandırmaq olar. Hazırda təhdidlər daha çox Qərb istiqamətindən gəlir və onlar yetərincə ciddidir. Elmi-texniki tərəqqi ilə bağlı hər il minlərlə (orta hesabla 6 minə yaxın) yeni termin yaranır. Əgər onları transliterasiya etməklə kifayətlənsək və vaxtında onların qarşılığını tapıb, işləkliyini təmin etməsək, elm və texnologiya sahəsində, xüsusən İT, biznes və marketinq mühitində çox vaxt qarışıq dil formasının çiçəklənməsi faktı ilə barışmalı olacağıq”.

Ekspert vurğulayıb ki, problem alınmanın özü deyil, onun həddi və məqsədidir:

“Əgər dilin özündə qarşılığı olduğu halda xarici sözə üstünlük verilirsə, bu artıq zərurətdən deyil, dilə münasibətdən xəbər verir. Bu təhlükə hazırda xüsusilə aşağıdakı sahələrdə müşahidə olunur: reklam və marketinq dili, sosial media və bloqçuluq; informasiya texnologiyaları; biznes və korporativ ünsiyyət; xidmət sektoru; bəzi televiziya və radio proqramları. Xüsusilə reklam dili cəmiyyətə gündəlik təsir göstərdiyi üçün burada ana dilinin qorunması böyük əhəmiyyət daşıyır.

Söz yaradıcılığına diqqəti artırmalıyıq. Bir neçə il əvvəl dövlət başçısına müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirmişik. Qonşu, qardaş və s. dillərdən söz almaqla dil inkişaf etməz. Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir.

Dil təkcə verbal ünsiyyət vasitəsi deyil, o həm də mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Ona görə ana dilimizin qorunması həm də mədəni təhlükəsizlik məsələsidir və bu iş hər zaman müvafiq qurumların diqqət mərkəzində olmalıdır. Burada Üzeyir Hacıbəylinin sözlərini xatırlatmaq yerinə düşərdi: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat-vücud onun dilidir”.

Qeyd edək ki, avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Həmin Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə bütövlükdə başa çatdırılması və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də yazı mədəniyyətinin tarixində mühüm hadisə olması nəzərə alınaraq imzalanıb. Sonrakı illərdə dövlət dilinin qorunması, inkişafı və tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Nuray Paşşanlı

D
demokrat.az