Gündəm Özəl

Azərbaycan dili həm də Zəfərin dili kimi tarixə yazıldı — Sevinc Əliyeva

Azərbaycan dili həm də Zəfərin dili kimi tarixə yazıldı — Sevinc Əliyeva

“Dilimizin qorunması hər bir xalqın doğma dili onun milli kimliyinin əsas göstəricisidir. Azərbaycan dili də olduqca zəngin, gözəl və ifadə imkanları geniş olan dildir. Xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadan bu dilin qorunması və nəsildən-nəsilə düzgün ötürülməsi üçün müəllimlərimiz, ziyalılarımız, şair və yazıçılarımız, dövlət rəhbərlərimiz uzun illər böyük xidmətlər göstəriblər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib.

Azərbaycan dili həm də Zəfərin dili kimi tarixə yazıldı — Sevinc Əliyeva

Onun sözlərinə görə, bəlkə də digər ölkələrdən fərqli olaraq, Azərbaycanda Prezident eyni zamanda Dövlət Dil Komissiyasının sədridir:

“Bu baxımdan cənab Prezidentin sərəncam və fərmanları, eləcə də çıxışları Azərbaycan dilinin qorunmasına xüsusi diqqətin göstəricisidir. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər dilçilər, ziyalılar və vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, hər kəsdə əminlik yaratdı ki, Azərbaycan dilinin güclü himayədarı və qoruyucusu var. Cənab Prezident həm qanunvericilik təşəbbüsləri, həm də çıxışları ilə ana dilimizin inkişafına xüsusi diqqət ayırır. Azərbaycan dili əsrlər boyu sevginin, ünsiyyətin və poeziyanın dili olub. Ulu öndər Heydər Əliyevin dediyi kimi, dilimizdə bütün hiss və düşüncələrimizi ifadə etməyə kifayət edəcək qədər zəngin söz ehtiyatı mövcuddur. Eyni zamanda Azərbaycan dili cəmi 44 gün ərzində Zəfərin və qəhrəmanlığın dilinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız həm cəbhədə, həm də arxa cəbhədə böyük birlik nümayiş etdirdi. Onun xalqa müraciətləri, ordumuza verdiyi tapşırıqlar və milli həmrəyliyi gücləndirən çıxışları nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Bu baxımdan Azərbaycan dili həm də Zəfərin dili kimi tarixə yazıldı.

Mən hazırda Şuşadan sizi salamlayıram. Burada olmaq, bu mühiti hiss etmək mənim üçün böyük qürur mənbəyidir. Neçə gündür müşahidə edirəm ki, şəhərdə otellərin, iaşə və xidmət obyektlərinin adları Azərbaycan dilindədir. Bu, milli kimliyimizə və ana dilimizə göstərilən böyük hörmətin təzahürüdür. Şuşada aparılan quruculuq və bərpa işlərində də dilimizin düzgün tətbiqinin şahidi oluruq. Burada bir daha hiss edirsən ki, Azərbaycan dili doğrudan da Zəfərin dilidir. Cənab Prezidentin son Media Forumunda səsləndirdiyi fikirlər də media nümayəndələrinin Azərbaycan dilinə olan sevgisini daha da artırdı. Görürdük ki, jurnalistlər böyük hörmət və qürur hissi ilə həmin görüşdə iştirak edir, öz suallarını ünvanlayır, dövlət başçısının fikirlərini diqqətlə dinləyirdilər”.

Professor ən vacib məsələlərdən birinin isə bu sevginin gələcək nəsillərə ötürülməsi olduğunu vurğulayıb:

“Bu sevgi ailədən başlayır. Valideynlər övladlarına vətənə, tarixə, mədəniyyətə və ana dilinə olan sevgini məhz Azərbaycan dilində aşılayırlar. Daha sonra bu missiyanı məktəbəqədər və məktəb təhsili davam etdirir. Ürəkdən arzu edirəm ki, milli-mənəvi dəyərlərimizi əks etdirən, qəhrəmanlıq və vətənpərvərlik ruhunda hazırlanmış keyfiyyətli Azərbaycan dilli cizgi filmləri daha çox olsun. Saf, səlis və zəngin Azərbaycan dilində hazırlanan bu məhsullar uşaqlarımızın dil sevgisinin formalaşmasına mühüm töhfə verəcək. Orta məktəb dərslikləri yüksək səviyyədə hazırlanmalı, şair və yazıçılarımız, ziyalılarımız gənclərlə daha çox görüşməli, televiziya proqramlarına dəvət olunmalıdırlar. Bu ənənə var və gələcəkdə də davamlı olmalıdır. Gənclər bu diqqəti və sevgini hiss etdikcə, həm Vətəni, həm dili, həm də milli-mədəni dəyərlərimizi qorumağa daha məsuliyyətlə yanaşacaqlar. Əgər biz bu sevgini ötürməsək, dilin qorunması istiqamətində qəbul olunan qanunların və sərəncamların icrasına məsuliyyətlə yanaşmasaq, gələcək nəsildən də eyni həssaslığı gözləmək çətin olacaq. Əsrlər boyu Azərbaycan dili ərəb, fars, rus və müxtəlif Avropa dillərinin təsirinə məruz qalsa da, öz saflığını və özünəməxsusluğunu qoruyub saxlayıb. Bunun səbəbi isə dilimizin hər zaman güclü qoruyucularının olmasıdır. Yazıçılarımız, şairlərimiz, ziyalılarımız və dövlət rəhbərlərimiz bu missiyanı uğurla yerinə yetiriblər. Bu gün qloballaşan dünyada müxtəlif xalqlarla iqtisadi, siyasi və mədəni əlaqələr qururuq. Lakin bu prosesdə ana dilimizi qorumalı, cənab Prezidentin də vurğuladığı kimi, dilimizə lazımsız xarici söz və ifadələrin daxil olmasına yol verməməliyik. Gənclərimizi də belə ifadələrdən uzaq tutmalı, onlarda ana dilinə sevgi formalaşdırmalıyıq”.

Sevinc Əliyeva əlavə edib ki, texnologiya və süni intellekt sürətlə inkişaf edir:

“Bu imkanlar məlumatın əldə olunması və emalı baxımından böyük üstünlüklər yaradır. Ancaq bu inkişafı dilimizə düzgün tətbiq etməyi bacarmalıyıq. Xüsusilə tərcümə sahəsində süni intellekt müəyyən mətnləri çevirə bilər, lakin həmin mətnə ruh, canlılıq və milli düşüncə qatmaq yalnız peşəkar tərcüməçinin işidir. Tərcüməçi xalqın dilini, mədəniyyətini və etnokulturoloji xüsusiyyətlərini nəzərə alaraq mətni canlandırır. Buna görə də son qərarı hər zaman insan verir. Tərcümənin keyfiyyəti tərcüməçinin biliyindən, peşəkarlığından və öz xalqına bağlılığından asılı olaraq qalacaq.

Dövlət qurumlarında, rəsmi sənədlərdə və ictimai məkanlarda Azərbaycan dili normalarına ciddi şəkildə əməl olunmalıdır. Xüsusilə yeni elm və texnologiya terminlərinin Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmalıdır. Əks halda, ana dilimizin saflığını və zənginliyini qorumaq çətinləşəcək. Eyni zamanda gənclərdə mütaliə vərdişinin formalaşdırılması və inkişaf etdirilməsi daim diqqət mərkəzində olmalıdır. Biz onları kitaba, bədii ədəbiyyata daha çox üz tutmağa çağırmalı, bu istiqamətdə davamlı təşviq işləri aparmalıyıq. Çünki gənclər nə qədər çox mütaliə etsələr, nitqləri bir o qədər səlis, zəngin və ifadəli olacaq. Azərbaycan ədəbiyyatının saflığı, zəngin dili və yüksək estetikası onların danışığında, düşüncə tərzində və dil mədəniyyətində də öz əksini tapacaq”.

O, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan dilini bütün varlığı ilə sevən, bu dildə danışan, bu dilin inkişafı və qorunması üçün çalışan hər bir insanı ürəkdən təbrik edib və bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlıya təbriklərimi çatdırıram:

“Azərbaycan dilini yaşadan, onu cəmiyyətə sevdirən əsas qüvvələrdən biri də kütləvi informasiya vasitələri və media nümayəndələridir. Azərbaycan dilinin düzgün tətbiqi naminə gördüyünüz işlərdə həm müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməyinizi, həm də milli kimliyimizin əsas göstəricilərindən biri olan ana dilimizin qorunmasına daim töhfə verməyinizi ürəkdən arzu edirəm”.

Qeyd edək ki, bu gün Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilib. Həmin sənədə əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı istiqamətində mühüm addımlardan biri də 2 yanvar 2003-cü ildə atılıb. Həmin gün Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlət dilinin tətbiqi, qorunması və inkişafı ilə bağlı dövlətin əsas vəzifələri müəyyən edilib. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin zənginliyinin, saflığının və milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini bir daha xatırladan əlamətdar tarixlərdən biridir.

Fidan Hacızadə

D
demokrat.az