Şou-biznes Özəl

Məşhur aktyor "Kim milyonçu olmaq istəyir?" yarışmasında 1 milyon dollar qazandı

Məşhur aktyor Kim milyonçu olmaq istəyir? yarışmasında 1 milyon dollar qazandı

"Oskar" mükafatlı amerikalı aktyor Ben Afflek ABŞ-də yayımlanan "Kim milyonçu olmaq istəyir?" televiziya yarışmasında 1 milyon dollarlıq baş mükafatı qazanıb.

Demokrat.az xəbər verir ki, Ben Afflek yarışmada bilik yarışlarının tanınmış iştirakçısı Ceymi Dinq ilə komanda şəklində mübarizə aparıb. Cütlük bütün sualları uğurla cavablandıraraq final mərhələsinə yüksəlib və 1 milyon dollarlıq son sualı düzgün cavablandıraraq baş mükafata sahib olub.

Aktyor qazandığı vəsaitin hamısını 2010-cu ildə həmtəsisçilərindən biri olduğu "Eastern Congo Initiative" ("Şərqi Konqo Təşəbbüsü") adlı xeyriyyə təşkilatına bağışlayacağını açıqlayıb. Qeyri-kommersiya təşkilatı Konqo Demokratik Respublikasının şərqində yaşayan insanlara dəstək göstərmək məqsədi ilə fəaliyyət göstərir.

Final sualı ABŞ prezidentləri tərəfindən əfv edilən hinduşqaların adları ilə bağlı olub. İştirakçılara aşağıdakı variantlar təqdim edilib:

* "Fıstıq yağı və mürəbbə" * "Kartof qızartması və kartof püresi" * "Makaron və pendir" * "Spagetti və küftə"

Əvvəlcə Ben Afflek və Ceymi Dinq telefon jokerindən istifadə etməyi planlaşdırsalar da, aparıcı Cimmi Kimmel onların hələ də "Aparıcıdan soruş" joker hüququnun qaldığını xatırladıb.

Kimmel düzgün cavabın "Spagetti və küftə" olduğunu düşündüyünü bildirib. Buna baxmayaraq, iştirakçılar əvvəlcə telefon jokerindən istifadə etsələr də, düzgün cavab ala bilməyiblər. Nəticədə onlar aparıcının tövsiyəsinə etibar edərək D variantını seçiblər.

Seçilən cavab doğru çıxıb və studiyada konfeti yağışı altında Ben Afflek və Ceymi Dinq 1 milyon dollarlıq baş mükafatın qalibi olublar.

Jalə Demokrat.az

D
demokrat.az