Yay mövsümündə dənizdə boğulma halları artır. Mütəxəssislər bildirirlər ki, bədbəxt hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl edilməməsi, gücün düzgün qiymətləndirilməməsi və panika səbəbindən baş verir.
Demokrat.az dənizdə təhlükəsiz üzmək üçün əsas tövsiyələri təqdim edir.
Ən vacib qayda çimərlikdə yalnız üzmək üçün nəzərdə tutulmuş və nəzarətçilərin olduğu ərazilərə daxil olmaqdır. Tanımadığınız və dərinliyini bilmədiyiniz yerlərdə suya girmək təhlükəlidir.
Dənizdə güclü dalğa və ya axın varsa, suya girməmək tövsiyə olunur. Xəbərdarlıq bayraqları və xilasedicilərin göstərişləri mütləq nəzərə alınmalıdır.
Üzməyi yaxşı bacarmayan şəxslər sahildən uzaqlaşmamalıdır. Özünüzə həddindən artıq güvənərək açıq dənizə doğru üzmək təhlükəli nəticələrə səbəb ola bilər.
Əgər axın sizi sahildən uzaqlaşdırırsa, panikaya düşməyin. Axına qarşı üzməyə çalışmaq əvəzinə sahilə paralel istiqamətdə hərəkət edin. Axından çıxdıqdan sonra diaqonal şəkildə sahilə doğru üzün və ya kömək çağırın.
Özünüzü yorğun hiss etdikdə suyun üzərində arxası üstə uzanaraq nəfəsinizi bərpa etməyə çalışın. Əl-qolu nizamsız hərəkət etdirmək daha tez yorulmağa səbəb olur.
Yemək yedikdən dərhal sonra və ya spirtli içki qəbul etdikdən sonra dənizə girmək məsləhət görülmür. Bu, əzələ qıcına və huşun itirilməsinə səbəb ola bilər.
Uşaqlar isə bir an belə nəzarətsiz buraxılmamalıdır. Dayaz görünən suda belə təhlükə yarana bilər.
Mütəxəssislər vurğulayırlar ki, sadə təhlükəsizlik qaydalarına əməl etmək dənizdə baş verə biləcək faciələrin qarşısını almağın ən təsirli yoludur.
Jalə Demokrat.az


