Sosial Özəl

Universitet bağlanır, diplomların taleyi necə olacaq? — Açıqlama

Universitet bağlanır, diplomların taleyi necə olacaq? — Açıqlama

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar həmin ali təhsil müəssisəsinin məzunları və hazırda təhsil alan tələbələri üçün bir sıra suallar yaradıb. Xüsusilə verilmiş diplomların hüquqi qüvvəsi, məzunların gələcək karyera imkanlarına təsiri və tələbələrin təhsilini hansı qaydada davam etdirəcəyi məsələləri diqqət mərkəzinə gəlib.

Bəs bu qərar həmin universitetin məzunlarının diplomlarının hüquqi statusuna necə təsir edəcək? Bu diplomlar gələcəkdə işə qəbul, dövlət qulluğu və xaricdə tanınma baxımından etibarlı sayılacaqmı? Həmçinin tələbələrin digər, o cümlədən daha nüfuzlu universitetlərə köçürülməsi mümkündürmü və bu, yüksək balla həmin universitetlərə qəbul olunmuş tələbələr üçün ədalət prinsipi baxımından mübahisə yarada bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, əlbəttə, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması orada təhsil alan tələbələrin və yaxud da bu ali təhsil müəssisəsini bitirmiş məzunların gələcək taleyi ilə bağlı hər hansı problem yaratmamalıdır.

Universitet bağlanır, diplomların taleyi necə olacaq? — Açıqlama

Onun sözlərinə görə, universitet fəaliyyət göstərdiyi dövrdə verilmiş dövlət nümunəli təhsil sənədləri qüvvədə qalır:

“Ona görə də işə qəbul, xaricdə təhsil və digər məsələlərdə bunun ciddi problem yaradacağını düşünmürəm.

Hazırda orada təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələrinin gələcək aqibətinə gəlincə, onlar müvafiq qaydada əvvəlcə özəl universitetlərə, daha sonra isə dövlət universitetlərinə yerləşdiriləcəklər. Təbii ki, köçürülmə mövcud olan eyni ixtisaslar üzrə həyata keçiriləcək.

Ola bilər ki, bəzi tələbələrə logistika baxımından daha münasib universitetlər təklif olunsun. Məsələn, tələbə rayon qeydiyyatındadırsa və həmin rayonda uyğun universitet fəaliyyət göstərirsə, ona həmin universitet təklif oluna bilər. Yaxud dövlət universitetlərindən birində həmin ixtisas mövcuddursa, tələbə həmin ixtisasa köçürülə bilər.

Burada əsas diqqət yetirilməli məqam, fikrimcə, Qızlar Universitetində ödənilmiş illik təhsil haqqının qorunub saxlanılmasıdır. Ümid edirəm ki, bu prinsip də qüvvədə qalacaq. Tələbələrin hansı universitetə köçürülməsindən asılı olmayaraq, əvvəl ödədikləri təhsil haqqının eyni məbləğdə tətbiq olunması məqsədəuyğun olardı. Yəni, tutaq ki, tələbə burada 1500 manat təhsil haqqı ödəyirdisə, köçürüldüyü universitetdə ondan 3000–3500 manat tələb olunmamalıdır. Çünki universitetin bağlanması tələbənin günahı deyil.

Əlbəttə, burada hər hansı ədalət prinsipinin pozulduğunu düşünmürəm. Çünki Qızlar Universitetində 430, 450 və ya 500 balla qəbul olunan tələbələr də var. Onlar da bal uyğunluğu olduğu təqdirdə daha nüfuzlu universitetlərə köçürülə bilərlər.

Bildiyiniz kimi, həmin universitetdə əsasən pedaqoji yönümlü ixtisaslar tədris olunurdu. Bu ixtisaslar isə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində də mövcuddur. Söhbət dövlət universitetlərindən gedirsə, bal uyğunluğu olduğu və keçid şərtləri təmin edildiyi halda həmin tələbələr bu ali təhsil müəssisələrinə köçürülə bilərlər. Hesab edirəm ki, buna etiraz üçün əsas yoxdur”, – deyə Elçin Əfəndi fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az