Kriminal Özəl

"Evi satıb pulunu atamın müalicəsinə xərclədik deyə arvadım problem yaratdı, mən də döydüm"

Evi satıb pulunu atamın müalicəsinə xərclədik deyə arvadım problem yaratdı, mən də döydüm

Xaçmaz rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Nəsimi (ad şərtidir – red.) yaşadıqları fərdi evin yataq otağında həyat yoldaşı Zibeydə (ad şərtidir – red.) ilə mübahisə edib.

Mübahisə zamanı o, həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə şillə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Nəsiminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Nəsimi ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, daimi iş yeri yoxdur və fərdi əməklə məşğuldur:

"Zibeydə ilə 2020-ci ildə rəsmi nikaha daxil olmuşuq. Bu nikahdan iki azyaşlı övladımız var. Münasibətlərimiz ümumilikdə yaxşı olub."

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü səhər saat 10:00 radələrində həyat yoldaşı ilə valideynləri arasında mübahisə yaranıb:

"Mübahisəyə səbəb uzun müddətdir davam edən ev məsələsi idi. Təxminən üç il əvvəl Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mənzilimiz ailəm tərəfindən satılmışdı. Həmin vəsait hesabına iş qurmaq, daha sonra isə yeni ev almaq istəyirdik. Lakin planlarımız baş tutmadı. Atam ağır xəstələndiyi üçün evin satışından əldə olunan pul onun müalicəsinə və digər xərclərə sərf olundu. Ev alınmadığına görə həyat yoldaşım bu məsələ ilə bağlı tez-tez narazılıq edirdi."

Nəsimi bildirib ki, hadisə günü də eyni səbəbdən mübahisə baş verib:

"Mən yatdığım üçün baş verənlərdən xəbərim olmayıb. Atam məni oyadaraq qayınatamın telefon nömrəsini istədi. Yuxulu olduğum üçün vəziyyəti düzgün başa düşmədim və elə bildim ki, qayınatam atamı vurmağa gəlir. Bu zaman yataq otağında sağ əlimlə Zibeydənin ənsə nahiyəsinə bir dəfə şillə vurdum. Sonra saçından tutaraq itələdim və o, yerə yıxıldı. Daha sonra əl və qol nahiyələrinə də bir neçə zərbə vurdum. Həmin vaxt azyaşlı övladlarımız Asif və Səməd qonaq otağında olduqları üçün hadisəni görməyiblər. Sonradan atam bizi sakitləşdirdi."

Onun sözlərinə görə, hadisədən sonra həyat yoldaşına uşaqlarla birlikdə şəhərə gəzməyə getməyi təklif edib:

"Zibeydə razılaşdı. Mən isə iki-üç dəqiqə valideynlərimlə mübahisənin səbəbini aydınlaşdırarkən onun evdən çıxdığını gördüm. Sonradan öyrəndim ki, Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək barəmdə şikayət edib."

Zərərçəkmiş Zibeydə isə ifadəsində bildirib ki, ailə qurduğu gündən qayınatası və qayınanası ilə münasibətləri gərgin olub:

"Hadisə günü də ərimin valideynləri ilə aramızda ev məsələsinə görə mübahisə yarandı. Üç il əvvəl birlikdə yaşadığımız ev satılarkən mənə başqa ev alınacağı vəd edilmişdi. Üç il keçməsinə baxmayaraq bu vəd yerinə yetirilmədi. Mən ev alınmasını tələb edəndə qayınatam və qayınanam pulu artıq xərclədiklərini dedilər. Mübahisə zamanı qayınatam ərimi oyatmaq üçün yataq otağına gəldi və atamın telefon nömrəsini istədi. Mən atamın bu məsələyə qarışdırılmamasını xahiş etdim. Bu zaman ərim mənə yaxınlaşaraq ənsə nahiyəmə şillə vurdu, saçımdan tutub yerə yıxdı, daha sonra əl və qol nahiyələrimə zərbələr endirdi. Bundan sonra polisə müraciət etdim."

Xaçmaz Rayon Məhkəməsində aparılan araşdırma zamanı tərəflərin barışdığı məlum olub. Zərərçəkmiş qadın ərinə qarşı şikayətini geri götürdüyünü bildirib.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Nəsimi cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

Fariz Məlikli

D
demokrat.az