İşsiz qalan şəxslərin kredit ödənişlərinin müəyyən müddət ərzində sığorta tərəfindən qarşılanması ideyası həm sosial, həm də iqtisadi baxımdan diqqət çəkir. Tərəfdarları hesab edirlər ki, bu, problemli kreditlərin azalmasına kömək edə bilər. Əleyhdarları isə sığorta xərclərinin son nəticədə kredit faizlərinə və əlavə ödənişlərə təsir göstərə biləcəyini bildirirlər.
Əgər işsiz qalan şəxsin kreditini sığorta ödəsə, bu, banklarda qaytarılmayan kreditlərin sayını azaldacaq, yoxsa sığorta xərci əlavə olunduğu üçün kreditlər bahalaşacaq və insanlar daha çox pul ödəyəcəklər?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, sığorta məhsulu kredit rəsmiləşdirilərkən təqdim olunur və kredit məbləğinin müəyyən hissəsi həcmində hesablanır.
Onun sözlərinə görə, məbləğdən və sığorta məhsulunun növündən asılı olaraq bu göstərici 1–2 % həcmində, bəzi hallarda isə daha aşağı faizlə müəyyən edilir:
“Bu məbləğ kredit rəsmiləşdirilərkən əvvəlcədən müştəridən komissiya şəklində tutulur və müqavilənin şərtlərindən asılı olaraq kreditin bütün müddəti ərzində sığorta təminatı verir. Şəxsin vəfatı halında sığorta şirkəti kredit borcunu ödəyir.
Əgər bank 1 % komissiya tutursa, əlavə olaraq sığortaya görə də müəyyən edilmiş həcmdə komissiya tutulacaq. Bu da kredit üzrə əlavə xərclərin artmasına səbəb ola bilər. Bununla yanaşı, təminat müştərinin risklərini azaltdığı üçün həmin xərci ödəmək məqsədəuyğun hesab oluna bilər. Şəxsin vəfatı halında borcalanın ailə üzvləri və yaxınları krediti kimin ödəyəcəyi ilə bağlı problemlə üzləşmirlər.
Burada söhbət 1 000–2 000 manatdan deyil, 20 000, 30 000, 50 000, 80 000, bəzi hallarda isə 100 000 manatlıq kreditlərdən gedir. Bunlar kifayət qədər böyük məbləğlərdir. Bu baxımdan sığortanın tətbiqi daha məqsədəuyğundur.
Sığortaya görə ödənilən komissiya müştəri üçün ciddi maliyyə yükü yaratmamalıdır. Kreditin sığortalanması dünya praktikasında geniş tətbiq olunur. Avropa, ABŞ, Türkiyə və digər ölkələrdə bu təcrübə mövcuddur. Bu, risklərdən qorunmaq üçün effektiv maliyyə alətidir və onun daha geniş tətbiqi, eləcə də yeni növlərinin inkişaf etdirilməsi indiki dövrdə məqsədəuyğun hesab olunur.”
Ekspert qeyd edib ki, kredit ödənildikdə bankda qaytarılmayan borc qalmır:
“Çünki kredit tam ödənilmiş hesab olunur. Bu, həm müştəri, həm də bank üçün faydalıdır. Müştərinin kredit borcu bağlanır, bankın isə toksik aktivləri, yəni problemli kreditləri azalır. Bu da kredit portfelinin idarə olunmasına, optimallaşdırılmasına və bankın rentabelliyinin artırılmasına müsbət təsir göstərir.
Sığortanın rəsmiləşdirilməsinin bir neçə üsulu var. Əsas üsullardan biri kredit rəsmiləşdirilərkən müəyyən komissiyanın ödənilməsi, digər üsul isə həmin komissiyanın aylıq kredit ödənişinə əlavə edilməsidir.
Məsələn, məişət texnikasının kreditlə satışı zamanı sığorta tətbiqlərinə tez-tez rast gəlinir. Belə ki, aylıq ödənişə əlavə olaraq 1–2 manat ödəməklə mobil telefon üçün qızıl zəmanət əldə etmək mümkündür. Bu mexanizmi istehlak kreditləri və digər kredit növlərində də tətbiq etmək olar.
İpoteka kreditlərində də həm əmlak, həm də həyat sığortasının ödənişləri annuitet ödənişlərinə əlavə olunur. Bu, aylıq ödənişləri müəyyən qədər artırsa da, risklərin sığortalanmasını təmin edir. Beləliklə, nisbətən kiçik məbləğ ödəməklə daha böyük maliyyə risklərindən qorunmaq mümkün olur”, – deyə ekspert fikrini tamamlayıb.


