Maraqlı Özəl

Uzatma kabelinə qoşulmaması tövsiyə olunan 10 elektrik cihazı

Uzatma kabelinə qoşulmaması tövsiyə olunan 10 elektrik cihazı

Uzatma kabelləri evlərdə ən çox istifadə olunan elektrik aksesuarlarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün elektrik cihazlarını uzatma kabeli vasitəsilə qoşmaq təhlükəsiz deyil. Yanlış istifadə qısaqapanmaya, hətta yanğına səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, “Southern Living” nəşrinin yazdığına görə, tikinti materialları mağazasının təsisçisi və elektrik sistemləri üzrə mütəxəssis Castin Kornfort bildirir ki, daimi istilik yaradan və ya kompressorla işləyən bütün cihazlar birbaşa divar rozetkasına qoşulmalıdır.

Onun sözlərinə görə, aşağıdakı cihazların uzatma kabelinə qoşulması tövsiyə edilmir:

* Elektrikli qızdırıcılar * Elektrik sobaları və plitələr * Soyuducular * Mikrodalğalı sobalar * Kondisionerlər * Tosterlər * Aerofritözlər * Qabyuyan maşınlar * Paltaryuyan maşınlar * Digər yüksək enerji sərf edən elektrik cihazları

Niyə bu cihazları uzatma kabelinə qoşmaq olmaz?

Kornfortun sözlərinə görə, yüksək enerji sərf edən cihazlar əksər uzatma kabellərinin daşıya biləcəyindən artıq yük yaradır. Bu isə kabelin həddindən artıq qızmasına, izolyasiyasının əriməsinə və yanğın riskinin artmasına səbəb ola bilər.

"Masa lampaları və telefon enerji doldurucuları üçün uzatma kabeli uyğundur. Amma cihaz qızdırır, soyudur və ya kompressorla işləyirsə, onu mütləq birbaşa rozetkaya qoşmaq lazımdır", deyə mütəxəssis bildirib.

Uzatma kabellərindən istifadə qaydaları

Mütəxəssis vurğulayır ki, uzatma kabelləri yalnız müvəqqəti həll kimi nəzərdə tutulub və onlardan daimi elektrik xətti kimi istifadə etmək olmaz.

Onun sözlərinə görə, lampa və ya enerji doldurucusu kimi aşağı güclü cihazlar istisna olmaqla, uzatma kabelini uzun müddət qoşulu vəziyyətdə saxlamaq tövsiyə edilmir.

"Həmişə cihazın güc göstəricisini nəzərə alın və ona uyğun uzatma kabelindən istifadə edin", deyə Kornfort məsləhət görür.

O əlavə edib ki, risk təkcə cihazın necə istifadə olunmasından deyil, onun nə qədər müddət uzatma kabelinə qoşulu qalmasından da asılıdır.

"Uzatma kabelindən nə qədər uzun müddət istifadə etsəniz, risk də bir o qədər artar", deyə o bildirib.

Məsələn, tozsoran hər gün istifadə olunmursa və ya oyun konsolu yalnız müəyyən vaxtlarda işlədilirsə, istifadə başa çatdıqdan sonra uzatma kabeli şəbəkədən ayrılmalıdır.

Ən vacib xəbərdarlıqlardan biri isə bir neçə uzatma kabelinin və ya şəbəkə filtrinin bir-birinə ardıcıl şəkildə qoşulmamasıdır. Mütəxəssisin sözlərinə görə, bu, elektrik şəbəkəsində yüklənməni artıraraq ciddi təhlükə yarada bilər.

Jalə

D
demokrat.az