Ermənistanda yeni hökumətin formalaşdırılması prosesi ölkənin daxili siyasəti ilə yanaşı, regiondakı siyasi proseslər baxımından da diqqətlə izlənilir. Yeni kabinetin hansı şəxslərdən və siyasi fiqurlardan təşkil olunacağı, eləcə də İrəvanın qarşıdakı dövrdə hansı istiqamətdə hərəkət edəcəyi maraq doğurur.
Yeni formalaşdırılacaq Ermənistan hökumətində əsasən kimlər təmsil olunacaq? Bu hökumət Ermənistan-Azərbaycan sülh prosesində hansı rolu oynayacaq? Proses sürətlənəcək, yoxsa yavaşlayacaq?
Yeni kabinetlə birlikdə Ermənistanın xarici siyasətində hansı dəyişikliklər gözlənilir?
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanda formalaşdırılacaq yeni hökumətin ölkənin xarici siyasətində ciddi dəyişikliklərə səbəb olacağı ehtimal edilmir.
Onun sözlərinə görə, Ermənistanda xarici siyasətin əsas istiqamətlərini baş nazir müəyyənləşdirir:
“Nikol Paşinyan yenidən baş nazir seçilərsə, indiyədək həyata keçirdiyi xarici siyasət kursunu davam etdirəcək. Böyük dəyişiklik olacağını düşünmürəm. Çünki Ermənistanda xarici siyasəti baş nazir müəyyənləşdirir. Əgər Paşinyan seçilərsə, onun həyata keçirdiyi xarici siyasət kursunu davam etdirəcəyi gözlənilir.
Yeni xarici işlər nazirinin kim olacağından asılı olmayaraq, hökumət üzvlərinin müstəqil şəkildə siyasi kurs müəyyənləşdirmək imkanları məhduddur.
Amma inanmıram ki, indiki vəziyyətdə hər hansı nazir müstəqil şəkildə öz siyasətini qura bilsin. Ermənistanda həm daxili, həm də xarici siyasəti əsasən baş nazir Paşinyan müəyyənləşdirir. Ona görə də yaxın günlərdə siyasətdə hər hansı ciddi dəyişiklik olacağını düşünmürəm.
Bu baxımdan, yeni hökumətin formalaşması Ermənistan-Azərbaycan sülh prosesinin istiqamətini köklü şəkildə dəyişdirəcək amil kimi qiymətləndirilmir”, - deyə Elmar Məmmədyarov fikrini tamamlayıb.


