İqtisadiyyat Özəl

İxrac zamanı ödənilən xərclər geri qaytarılacaq

İxrac zamanı ödənilən xərclər geri qaytarılacaq

Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərcləri üzrə dövlət dəstəyi göstəriləcək.

Bu, Prezidentin 16 iyun 2026-cı il tarixli "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya olunacaq. Malların Azərbaycan mənşəli olması isə müvafiq mənşə sertifikatı ilə təsdiqlənəcək.

Yeni dəstək mexanizmi yalnız faktiki ixrac edilmiş qeyri-neft-qaz mallarına şamil ediləcək. Bu çərçivədə ixrac zamanı yaranan gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

Kompensasiyanın məbləği gömrük dəyərinə tətbiq olunan yığım hədlərindən asılı olaraq müəyyən ediləcək. Eyni zamanda, hər bir ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiyanın yuxarı həddi də müəyyən olunacaq.

Fərmanda qeyd edilir ki, dəstək mexanizminin tətbiq edildiyi müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.

Kompensasiya 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarına görə hesablanacaq.

Ödənişlər ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında rüblük qaydada həyata keçiriləcək. Hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanan kompensasiya həmin rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Dəstək mexanizminin tətbiqi ilə bağlı bir sıra normativ sənədlərin də qəbul olunması nəzərdə tutulur. Bu sənədlərlə dəstəyin şamil ediləcəyi qeyri-neft-qaz mallarının və ixrac ölkələrinin siyahısı, kompensasiyanın yuxarı həddi, müraciət və baxılma qaydası, eləcə də dəstəyin şamil edilmədiyi əməliyyatlar və şəxslər müəyyənləşdiriləcək.

Yeni mexanizmin mikro, kiçik və orta sahibkarların ixrac xərclərinin azaldılmasına, onların xarici bazarlara çıxış imkanlarının genişlənməsinə, eyni zamanda qeyri-neft-qaz ixracının artırılmasına töhfə verəcəyi gözlənilir.

Demokrat.az

D
demokrat.az