Azərbaycan DNT Layihəsi çərçivəsində aparılan genetik araşdırmalar zamanı Qarabağ xanları ilə Borçalının tanınmış Qaralovlar nəslinin ata xətti üzrə genetik qohumluğu müəyyən edilib.
Layihənin rəhbəri, genetik tədqiqatçı Orxan Xansuvarın sözlərinə görə, Qarabağ xanı Pənahəli xanın və Cavanşir tayfasının birbaşa kişi nümayəndəsindən götürülmüş DNT nümunəsinin nəticələri Y-xromosom üzrə J2 haploqrupunun BY72016 subkladına aid olduğunu göstərib. Bildirilir ki, həmin subkladın təxminən 3 600 il yaşı olduğu hesablanır.

Araşdırma müəllifinin təqdim etdiyi məlumata əsasən, Qarabağ xanlarının ata xətti üzrə təxminən 700 il əvvəl ortaq əcdadı aşağıdakı nəsillərlə üst-üstə düşür:
Borçalıdan olan Qaralovlar nəsli; Balakən rayonunun Qazma kəndində yaşayan Yüzbaşıyevlər bəy nəsli; Qazax rayonunun İkinci Şıxlı kəndindən olan nümayəndələr.
Məlumatda qeyd olunur ki, ata xətti üzrə təxminən 1000 il əvvələ gedib çıxan digər qohumluq əlaqələri isə Zəngilan rayonunun Muşlan kəndindən olan və əcdadlarının Mərəndin Üçdibin kəndindən köç etdiyi bildirilən ailə, həmçinin Goranboy şəhərində yaşayan və ata-babalarının Qazaxdan köçdüyü ehtimal olunan nəsillərlə müəyyənləşdirilib.
Orxan Xansuvar qeyd edir ki, araşdırmada iştirak edən bu nəsillər təxminən 2 150 il əvvəl Türkiyədə yaşayan türk mənşəli qruplarla eyni Y-DNT subkladını bölüşür. Onun sözlərinə görə, bu nəticə BY72016 subkladının əsasən türk mənşəli populyasiyalar arasında yayıldığını göstərir.

Paylaşımda həmçinin qeyd olunur ki, tarixi mənbələrdə Borçalı bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonu) Ormeşən kəndi ilə əlaqələndirilən Qaralovlar nəsli Azərbaycanda ictimai-siyasi, hüquq və elm sahəsində tanınmış ziyalı nəsillərindən biri hesab edilir. Bu nəslin nümayəndələri arasında sabiq Baş prokuror Zakir Qaralov, professor və sabiq deputat Zahid Qaralov, gömrük polkovniki Səməd Qaralov və Dövlət Sərhəd Xidmətinin sabiq idarə rəisi Qnyaz Qaralovun adları çəkilir.
Araşdırma müəllifi əlavə edib ki, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Camal Qarabağinin də eyni Y-DNT subkladını daşıdığı müəyyən olunub. Onun sözlərinə görə, təqdim olunan bütün nəticələr fərdi DNT testlərinə əsaslanır və layihənin elmi bazasına müvafiq qeydiyyat nömrələri ilə daxil edilib.


