Bakının Xətai rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində ər-arvadın birgə yaşadığı mənzildə baş verib.
Neftçala rayon sakini, 1988-ci il təvəllüdlü Mübariz (ad şərtidir – red.) həyat yoldaşı Südabə (ad şərtidir – red.) ilə mübahisə edib.
Mübahisəyə səbəb yaşadıqları mənzilin kirayə haqqının vaxtında ödənilməməsi olub. Belə ki, Mübariz kirayə haqqını gecikdirdiyi üçün ev sahibi tez-tez mənzilin qapısını döyərək ödənişi tələb edib. Qadın isə buna görə ərini günahlandırıb.
Hadisə günü səhər saatlarında yataq otağında kirayə haqqının gecikdirilməsi ilə bağlı ərinə irad bildirən Südabə ilə Mübariz arasında yenidən mübahisə yaranıb.
Bu zaman Mübariz əsəbiləşərək həyat yoldaşının baş nahiyəsinə əli ilə bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Mübariz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həyat yoldaşı ilə barışdığını bildirib.
Südabə də ifadəsində əri ilə barışdığını təsdiqləyib və ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Mübariz barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


