Hikmət Hacıyev və Tural Sadıqlının dialoqunda bir cümlə xüsusilə diqqətimi çəkdi və bunun açmasını tapmağa çalışdım. Hikmət Hacıyev bildirdi ki, “Həyatda ən pis şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən tam səmimi deyirəm, o statusda yaşayanlara yazığım gəlir”.
Çox qəribədir. Adətən belə halda “yazığım gəlir” ifadəsinin yerinə “nifrət edirəm” yaxud “qəzəblənirəm” deyilməli idi. Niyə məhz “yazığım gəlir”? Dərindən düşünəndə görürsən ki, Hikmət Hacıyev bu ifadənin məğzini başa düşərək işlədib. Və bu ifadəni işlətməsi dərin qatda baş verənləri bilməyindən, onlardan xəbərdar olmağından irəli gəlir. Doğrudan da xaricə qaçan “dissidentlər” yazıq duruma düşürlər. Nəinki yazıq duruma, onları tələyə salırlar. Və o elə tələdir ki, çırpınsalar da, çıxa bilmirlər, çıxmağa ixtiyarları da olmur. Heç dərdlərini başqalarına da söyləyə bilmirlər ki, tələdəyik.
Ölkələrindən qaçan “dissidentlər” həm də xaricdə azadlıqlarını və imkanlarını məhdudlaşdıran mürəkkəb hüquqi, maliyyə, psixoloji və təhlükəsizlik amilləri ilə tələyə salınırlar. Ən birinci sıxıntı hüquqi və bürokratik maneələrdə, sənədləşmə problemlərində üzə çıxır.
Birincisi, xaricdən Azərbaycanı söyənlərin əksəriyyətinin Avropaya lazım olan ixtisasları yoxdur: tibb sahəsi, elektronika və s. Əsas onlara lazım olanlar bunlardır. İncəsənət sahəsində də dünya şöhrətli şəxs olmalısan ki, sığınacaq versinlər. Lakin azərbaycanlı dissidentlərin aldıqları təhsil xaricdə lazım deyil və həmin sahələrdə onlardan kifayət qədərdir, sayları minlərlədir.
İkincisi, xarici pasportun müddətinin bitməsi insanı hüquqi statusdan məhrum edir. Başqa problem də ortaya çıxır: sığınacaq asılılığı. Qaçqın statusuna dair müraciətin nəzərdən keçirilməsi illərlə çəkə bilər. Bir çox sahədə hüquq, media, dövlət qulluğu, diplomlar və iş təcrübəsi xaricdə dəyərsiz sayılır.
Diplom keçmir, üstəlik yeni ixtisasa yiyələnməyə də icazə verilmir. Söyüş söyməyi, antipropaqandanı dayandırıb sığındığın ölkəyə lazım olan ixtisası öyrənməyə konkret icazə verilmir:
“Sən bizə antipropaqanda üçün lazımsan ki, Azərbaycandan istədiyimizi alaq”. Bu, təkcə Azərbaycana tətbiq edilmir. İstənilən ölkəyə təzyiq göstərmək üçün həmin ölkələrin dissidentlərini də tələyə salırlar. Niyə yazığın gəlinməsi? İxtisas öyrənə bilməzsən. Kənara çəkilib sakitlik əldə etmək qadağandır: “İstənilən vaxt səni ölkənə təhvil verə bilərik”. Və yəqin ki, dördüncüsü, təhlükəsizlik xidməti ilə imzalanan sənəd.
Bir var ölkənə təhvil vermək, bir də var təhlükəsizlik orqanı ilə əməkdaşlıq. Bunun məsuliyyəti çox ağırdır.
O ki qaldı Tural Sadıqlını qınamağa ki, sakit dayandı, yaxşı danışa bilmədi, gəlin qarşı tərəfi də nəzərə alaq. Hikmət Hacıyev həm də mətbuat xidmətinin rəhbəri postunda çalışıb, hər gün onlarla açıqlama verib, təmaslar qurub. Lap Tural Sadıqlı qəzəbli, ucadan, qışqıraraq danışsaydı belə, Hikmət Hacıyev özünə arxayın idi və belə olmasaydı, yaxınlaşmazdı.
Dialoq zamanı bir ifadəni də xatırlayaq. Tural Sadıqlı bildirir ki, dəvət etmək olar. Bəlkə də bir anlıq deyilə bilərdi ki, “dəvət edirik”. Lakin Hacıyevin hazırcavablığı özünü göstərdi: “Bu, sizin seçiminizdir.”
Və ən sonuncusu: Vətəndən uzaq qalmaq, sosial əlaqələrin pozulması depressiyaya və dərin təcridə səbəb olur. Necə deyərlər, o statusda yaşayanlara yazığın gəlinməsi və mövcud durumlarına halının acınması baş verir.
Azər Qismət Yazıçı-jurnalist


