Son günlər sosial şəbəkələrdə süni intellekt vasitəsi ilə hazırlanmış Azərbaycanda nominal dəyəri 1000 manat olan yeni əsginazın dövriyyəyə buraxılacağı ilə bağlı müxtəlif görüntülər yayılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Mətbuat xidməti bununla bağlı Demokrat.az-ın sorğusunu cavablandırıb.
"Məlumata görə, son dövrlər sosial şəbəkələrdə əsasən süni intellektdən istifadə edilərək müxtəlif dizaynlarda və nominallarda hazırlanmış pul nişanlarının fotoları yayılaraq əhalidə çaşqınlığın yaranmasına səbəb olur. Məsələ ilə bağlı Mərkəzi Banka daxil olan sorğularda da bildirdiyi kimi, bu cür məlumatlar həqiqətə uyğun deyil. Milli pul nişanları ilə bağlı dəyişikliklərin rəsmi məlumat mənbəyi kimi Mərkəzi Bankın internet səhifəsi və sosial media səhifələrinə istinad etməyə çağırırıq. Tədavüldə olan pul nişanlarına dair məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd edilib. Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur", - sorğuda qeyd edilib.



