Sosial Özəl

Küləyin vurduğu zərərə görə kim cavabdehdir? — Açıqlama

Küləyin vurduğu zərərə görə kim cavabdehdir? — Açıqlama

Paytaxtda son iki gündə əsən güclü külək bir sıra fəsadlarla nəticələnib. Şəhərin müxtəlif ərazilərində ağacların aşması, binaların fasadlarından tikinti elementlərinin qopması və digər təhlükəli hadisələr qeydə alınıb.

Belə ki, dünən güclü külək nəticəsində “Amay” ticarət mərkəzinin binasından qopan yad cisim ərizədən keçən orta yaşlı kişinin başına düşüb.

Bu kimi hallarda həmin şəxsin xərclərini kim qarşılayır, onun qanun qarşısında nə kimi hüquqları var?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, güclü külək nəticəsində binadan qopan hər hansı konstruksiya və ya yad cismin yoldan keçən şəxsin xəsarət almasına səbəb olması mülki-hüquqi məsuliyyət yarada bilər:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, digər şəxsə vurulmuş zərərə görə, həmin zərərin yaranmasına görə məsuliyyət daşıyan şəxs və ya təşkilat onu tam həcmdə ödəməyə borcludur.

Əgər hadisə binanın texniki vəziyyətinə, lazımi qaydada saxlanılmamasına və ya təhlükəsizlik tədbirlərinin görülməməsinə görə baş veribsə, zərərçəkmiş şəxs binanın sahibi, istifadəçisi və ya idarəedici qurumdan müalicə xərclərinin, əmək qabiliyyətinin itirilməsi ilə bağlı zərərin, habelə digər maddi zərərlərin ödənilməsini tələb edə bilər”.

Hüquqşünas əlavə edib ki, xəsarətin ağırlığından asılı olaraq mənəvi zərərin əvəzinin ödənilməsi barədə də məhkəməyə müraciət etmək mümkündür:

“Lakin hadisənin yalnız güclü küləyin təsirindən baş verməsi məsuliyyəti avtomatik istisna etmir. Əgər bina lazımi qaydada saxlanılıb, bütün təhlükəsizlik tələblərinə əməl edilib və hadisə qarşısıalınmaz təbii hadisənin nəticəsi olubsa, bu zaman məsuliyyət məsələsi məhkəmə tərəfindən hər bir iş üzrə ayrıca qiymətləndirilir. Belə hallarda zərərçəkmiş şəxs hadisə yerinə polis əməkdaşlarının çağırılmasını təmin etməli, tibbi sənədləri, foto və video materialları, şahid ifadələrini toplamalı və zərərin ödənilməsi barədə əvvəlcə məsul şəxsə və ya təşkilata müraciət etməlidir. Tələb könüllü qaydada təmin edilmədikdə isə məhkəmə qaydasında maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb oluna bilər”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Rəhim Xoyski əlavə edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması (qopması) nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur:

“Bu məsuliyyətdən yalnız o halda azad olmaq olar ki, zərərin binanın lazımi qaydada saxlanmamasından və ya binadakı qüsurdan irəli gəlmədiyi sübut olunsun. Güclü külək adətən "qarşıalınmaz qüvvə" sayılmır, çünki bina konstruksiyaları və üzlükləri yerli iqlim şəraitinə davamlı şəkildə bərkidilməlidir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə düşməsi nəticəsində vurulmuşdursa, məsuliyyəti binanın sahibi və ya müvafiq hissəni tutan şəxs daşıyır”.

Rəhim Xoyski qeyd edib ki, "İcbari sığortalar haqqında" Qanunun 42.3-cü və 44.1.3-cü maddələrinə əsasən, hüquqi şəxslərin istismar etdiyi daşınmaz əmlakdan (binalardan) hər hansı predmetin və ya onun hissələrinin düşməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına dəyən zərər sığorta hadisəsi hesab olunur:

“Həmin Qanunun 47.1.1-ci maddəsinə görə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə sığorta məbləği 5000 manat həcmində müəyyən edilmişdir. Əgər zərər bu məbləğdən çoxdursa, qalan hissəni binanın sahibi özü ödəməlidir. Zərərçəkmiş şəxs məhkəmə qaydasında və ya könüllü razılıq əsasında müalicə xərclərini, xəsarət nəticəsində işə gedə bilmədiyi müddət üçün itirdiyi əmək haqqını, çəkdiyi fiziki və mənəvi ağrılara görə kompensasiya tələb edə bilər”.

@vuqarshafiyev

Dünən məhəllədən çıxanda külək ağacı necə qırdısa düz xanımın üstünə düşdü. Çox şükür Allaha kiçik siyrintilərdən başqa heç nə olmadı. Ehtiyatlı olun bu küləkli havada !!!

♬ orijinal ses - 𝙋𝙞𝙖𝙣𝙤 𝙗𝙮 𝙈𝙖𝙢𝙚𝙙𝙤𝙫

Fidan Hacızadə

D
demokrat.az