Bakıda müşahidə olunantoz dumanı havanın keyfiyyəti ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bu cür atmosfer hadisələrinin tez-tez təkrarlanması iqlim dəyişiklikləri və səhralaşma proseslərindən qaynaqlanır, yoxsa əsas səbəb regional meteoroloji şəraitdir? Gələcəkdə belə halların artacağı gözlənilirmi və bunun insanların sağlamlığına, eləcə də şəhər mühitinə uzunmüddətli təsirləri nələr ola bilər?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, güclü küləklər tozu əsasən yay aylarında, quru hava şəraitində və uzun müddət yağıntı olmadıqda havaya qaldırır.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası, eləcə də ətraf ərazilər səhra və yarımsəhra landşaftına malikdir:
“Bu ərazi quru subtropik iqlim qurşağına daxildir və burada küləklərin hakim olması təbii haldır. Buna görə də müəyyən qədər tozun yaranması normal hesab oluna bilər. Lakin müasir texnologiyalar və şəhərsalma imkanları şəraitində bunun bu səviyyədə olması qəbul olunan deyil. İlk növbədə yaşıllıq sahələrinin artırılmasına ciddi diqqət yetirilməlidir. Bu istiqamətdə kifayət qədər iş görülmədiyi üçün havaya qalxan toz insanların tənəffüs orqanlarına, gözlərinə, dərisinə və ümumilikdə sağlamlığına mənfi təsir göstərir. Tozun yaranmasını tam şəkildə şəhərsalma ilə əlaqələndirmək də düzgün olmazdı. Çünki dünyanın bir çox şəhərlərində də intensiv tikinti aparılır, lakin eyni səviyyədə toz problemi müşahidə edilmir. Məsələ ondadır ki, Bədamdar dağ massivi, Qaradağ, Güzdək və Abşeron yarımadasının digər ərazilərində fəaliyyət göstərən daş və qum mədənləri, eləcə də tikinti işləri havaya tozun qalxmasını əhəmiyyətli dərəcədə artırır.
Meteoroloji amillərin də müəyyən, lakin məhdud təsiri ola bilər. Məsələn, atmosfer sirkulyasiyası nəticəsində şərq və ya cənub istiqamətindən ölkə ərazisinə toz kütlələri daxil ola bilər. Lakin əsas problem yerli, yəni lokal mənşəli tozlardır. Bu tozların yaranmasının əsas səbəbləri tikinti sektorunda ekoloji tələblərə tam əməl olunmaması, daş və qum mədənlərinin fəaliyyəti, eləcə də şəhərsalma sahəsində yol verilən nöqsanlardır. Bütün bunlar son nəticədə insanların sağlamlığına ciddi mənfi təsir göstərir”, – deyə ekoloq fikrini tamamlayıb.


