Qadağan olunmuş maddələrlə bağlı aparılan əməliyyat çərçivəsində ifadəsi alınan türkiyəli müğənni Sılanın məhkəmə-tibbi ekspertiza nəticəsi mənfi çıxıb.
Demokrat.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək hər zaman özünə əmin olduğunu bildirib:
"Əziz dostlarım! Sənət fəaliyyətim boyunca bir sənətçi kimi cəmiyyətə və gənclərə həmişə nümunə olmağa çalışmışam. Həm peşəkar, həm də şəxsi həyatımda bu məsuliyyət hissi ilə davranmağa xüsusi önəm vermişəm.
Ötən günlərdə aparılan araşdırma çərçivəsində ifadəm alındı və müxtəlif testlərdən keçdim. Prosesin sağlam və təmkinli şəkildə davam etməsi çox vacib idi. Bu gün məhkəmə-tibbi ekspertizanın rəyi açıqlanıb. Mən özümə əmin idim. Ekspertiza rəyi də hər hansı narkotik və ya psixotrop maddə ilə əlaqəmin olmadığını açıq şəkildə təsdiqlədi.
Bu müddətdə mənə inanan, güvənən, dəstəyini əsirgəməyən ailəmə, yaxınlarıma, dinləyicilərimə, dostlarıma və sənətçi həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Həqiqətin gec-tez üzə çıxacağına və ədalətin bərqərar olacağına inamım hər zaman tam olub.
Alnım açıq, başım dikdir. Hamınıza sevgi və salamlar".
Jalə Demokrat.az


