Düzgün seçilmiş səhər yeməyi gün ərzində enerji və gümrahlığı qorumağa kömək edir. Diyetoloqlar səhər rasionuna əlavə edilməsini tövsiyə etdikləri yeddi məhsulu açıqlayıblar.
Demokrat.az xəbər verir ki, bu barədə “Real Simple” nəşri yazıb.
Bir çox insan səhər yeməyindən imtina edərək bir neçə dəqiqə artıq yatmağa üstünlük verir. Lakin mütəxəssislərin sözlərinə görə, səhər yeməyi orqanizmi günə hazırlamağın ən vacib yollarından biridir.
Alim və diyetoloq Samanta Peterson bildirib ki, səhər yeməyi beynin enerji mənbəyi olan qlükoza səviyyəsini bərpa edir.
“Beyin ən çox enerji tələb edən orqandır. Səhər yeməyi qlükoza ehtiyatını bərpa etməklə daha aydın düşünməyə və diqqəti cəmləməyə kömək edir”, deyə o bildirib.
Onun sözlərinə görə, səhər yeməyi qanda şəkərin səviyyəsini sabitləşdirir, gecə ərzində beyin və əzələlərin istifadə etdiyi qida maddələrinin ehtiyatını bərpa edir və orqanizmə istirahət rejimindən aktivliyə keçməyin vaxtı çatdığını bildirir.
Ekspert qeyd edib ki, səhərlər tələsik olan insanlar üçün səhər yeməyi daha da böyük əhəmiyyət daşıyır. Qanda şəkərin sabit səviyyədə saxlanılması kortizol və digər stress hormonlarını nəzarətdə saxlamağa kömək edir.
Bununla belə, bütün səhər yeməyi məhsulları eyni dərəcədə faydalı deyil. İdman diyetoloqu Don Cekson Blatner karbohidrat, zülal və sağlam yağlar ehtiva edən qidaların seçilməsini tövsiyə edir.
Səhər yeməyi üçün tövsiyə olunan 7 məhsul
Yumurta
Yumurta tam dəyərli zülal mənbəyidir və bütün əvəzolunmaz amin turşularını ehtiva edir. O, uzun müddət toxluq hissi yaradır. Bundan əlavə, yumurta B qrupu vitaminləri və beynin fəaliyyəti, diqqət və toxluq hissi üçün vacib olan xolinlə zəngindir.
İspanaq
Yumurtaya bir neçə ovuc ispanaq əlavə etmək səhər yeməyini daha qidalı edir.
Don Cekson Blatnerin sözlərinə görə, ispanaq bitki mənşəli dəmirlə zəngindir və oksigenin hüceyrələrə daşınmasına kömək edərək enerji səviyyəsini dəstəkləyir.
Yunan yoqurtu
Yüksək zülal və probiotik tərkibi sayəsində Yunan yoqurtu həzmi yaxşılaşdırır, qanda şəkərin səviyyəsini sabit saxlayır və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Mütəxəssislər onu xüsusilə gərgin səhərlər üçün ideal seçim hesab edirlər.
Qoz-fındıq və toxumlar
Bu məhsullar maqneziumla zəngindir. Maqnezium orqanizmdə enerji istehsalı ilə bağlı yüzlərlə biokimyəvi prosesdə iştirak edir.
Diyetoloqlar səhər sıyığına və ya yoqurta balqabaq tumu, badam, çia və ya çətənə toxumu əlavə etməyi tövsiyə edirlər. Çia pudinqi də sürətli və faydalı səhər yeməyi variantıdır.
Yulaf sıyığı
Yulaf sıyığı tam taxıllı karbohidratların keyfiyyətli mənbəyidir. Onu daha balanslı etmək üçün üzərinə qoz-fındıq, toxum və giləmeyvə əlavə etmək tövsiyə olunur.
Kəsmik
Samanta Peterson bildirib ki, kəsmik tərkibində yavaş həzm olunan kazein zülalı olduğuna görə uzun müddət toxluq hissi yaradır və enerji səviyyəsini sabit saxlayır.
Kəsmik həmçinin əzələlərin fəaliyyəti və sağlam maddələr mübadiləsi üçün vacib olan kalsiumla zəngindir. Onu həm şirin, həm də duzlu əlavələrlə birlikdə istifadə etmək mümkündür.
Avokado
Avokado sağlam yağlar və zülallarla zəngindir. Bu maddələr enerji səviyyəsinin sabit qalmasına kömək edir və səhərin ortalarında yaranan qəfil yorğunluğun qarşısını alır.
Mütəxəssislər avokadonu tam taxıllı tostların üzərinə əlavə etməyi və ya quakamole ilə müxtəlif səhər yeməklərində istifadə etməyi məsləhət görürlər.
Jalə Demokrat.az


