Bakının Sabunçu rayonunda 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Raul (ad şərtidir – red.) qeyri-rəsmi həyat yoldaşı Vüsalə (ad şərtidir – red.) ilə mübahisə edib.
Raul yaşadığı evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Vüsalənin saçından dartıb, daha sonra isə baş nahiyəsinə qəsdən bir dəfə yumruq vurub.
Faktla bağlı Raul barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ifadə verən Raul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüsalə 2003-cü ildə Valehlə ailə həyatı qurub və bu nikahdan 2006-cı il təvəllüdlü Günay dünyaya gəlib:
"2007-ci ildə Vüsalə Valehdən ayrıldı və mənimlə qeyri-rəsmi ailə həyatı qurdu. Bizim birgə yaşayışımızdan da iki oğlan övladımız dünyaya gəldi. Mən arabir spirtli içki qəbul etdiyim üçün evdə Vüsalə ilə aramızda münaqişələr baş verirdi."
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü gecə saat 01:15 radələrində sərxoş vəziyyətdə ögey qızının yataq otağının qapısını açaraq içəri daxil olub:
"Məqsədim onun yatıb-yatmadığını yoxlamaq idi. Bu zaman Vüsalə mənə gecə vaxtı övladını niyə narahat etdiyimi deyərək irad bildirdi. Onun sözlərindən əsəbiləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı Vüsalənin baş nahiyəsinə bir dəfə yumruq vuraraq ona xəsarət yetirdim. Ögey qızım hadisənin şahidi olduğu üçün Daxili İşlər Nazirliyinin '102' xidmətinə müraciət etdi."
Raulun sözlərinə görə, hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün Vüsaləyə yumruq vurmazdan əvvəl onun saçından tutaraq dartdığını dəqiq xatırlamır. O, ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Raul 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, Raulun cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etməsi qadağan olunub. Həmçinin ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək məhdudiyyəti qoyulub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, eləcə də məhkəmənin razılığı olmadan yaşayış yerini dəyişməmək öhdəliyi qoyulub.


