İstanbul Respublika Baş Prokurorluğunun apardığı "Ahbaplar Cinayət Təşkilatı" istintaqı çərçivəsində jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni Gülben Ergen, aktrisa Elçin Sangu və rok musiqiçisi Hayko Cepkin ifadə verməyə çağırılıb.
Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində adıçəkilən şəxslərin prokurorluğa dəvət edildiyi bildirilib.
"Ahbap" istintaqı necə başlayıb?
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə "cinayət törətmək məqsədilə təşkilat yaratma", "xüsusilə külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları üzrə araşdırma aparılıb.
İstintaq çərçivəsində "Ahbap" Dərnəyinin əməkdaşları barədə hazırlanmış "MASAK" hesabatları, bank hesabları üzrə maliyyə hərəkətlərinin təhlili, texniki və fiziki müşahidə tədbirləri nəticəsində şübhəlilərin rəsmi maliyyə profilləri ilə uzlaşmayan yüksək məbləğli pul dövriyyəsinin olduğu müəyyən edilib.
Araşdırma zamanı onların öz aralarında iri həcmdə pul köçürmələri həyata keçirdikləri, şans oyunları hesablarına yüksək məbləğdə vəsait köçürərək mərc oyunlarında iştirak etdikləri və bu yolla böyük məbləğlər itirdikləri, həmçinin qısa müddət ərzində zəncirvari şəkildə çoxsaylı daşınmaz əmlak alqı-satqısı əməliyyatları apardıqları iddia olunur.
İstintaq çərçivəsində saxlanılan 54 şübhəlidən, o cümlədən "Ahbap" Dərnəyinin təsisçisi, müğənni Haluk Levent və Oğuzhan Uğur da daxil olmaqla 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Dərnəyin və bəzi şübhəlilərin əmlakına həbs qoyulub.
Bundan əvvəl aparıcı Öykü Serter, jurnalist Ece Üner, musiqiçi Gökhan Özoğuz, jurnalist Fatih Portakal, aktrisa Hazal Kaya, jurnalist Ruşen Çakır və aparıcı Özlem Gürses də İstanbul Ədliyyəsinə gələrək ifadə veriblər.


