Kriminal Özəl

Zarafat məhkəmə ilə bitdi — 2 il iş verildi

Zarafat məhkəmə ilə bitdi — 2 il iş verildi

Gəncə şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Arif (ad şərtidir) qonşusu İsmayılla (ad şərtidir) mübahisə edib.

Araşdırma zamanı məlum olub ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb İsmayılın Ariflə kobud zarafat edərək onu təhqir etməsi olub. Bu zaman Arif küçədən keçən su arxının kənarından götürdüyü taxta parçası ilə İsmayılın bel nahiyəsinə iki dəfə zərbə vurub və ona ağır dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Arifə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif özünü təqsirli bildiyini deyib. O ifadəsində göstərib ki, İsmayılı uşaqlıqdan tanıyır və həmişə bir-birləri ilə zarafat ediblər:

“Bir dəfə İsmayılla birlikdə olan zaman o, mənimlə kobud zarafat edərək xətrimə dəydi. Mən ona etdiyinin yersiz olduğunu və bu hərəkətin məni incitdiyini bildirdim.

Həmin vaxt yeznəmin vəfatı ilə əlaqədar psixoloji cəhətdən gərgin idim. Bu zaman yerdə taxta parçası gördüm. İsmayılın bir daha mənimlə kobud zarafat etməməsi üçün taxta parçasını götürərək onun kürək nahiyəsinə iki dəfə zərbə vurdum. Daha sonra ona kömək etdim və evinə apardım. Ardınca bacım Aytənin yaşadığı evə gedərək baş verənləri danışdım. Bacım məni danladı. Sonra isə evimə qayıtdım”.

Arif bildirib ki, növbəti gün iş tapmaq məqsədilə Bakıya gedib:

“Bakıda olarkən İsmayılın xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu barədə mənə zəng gəldi. Bu xəbəri aldıqdan sonra dərhal Gəncəyə qayıtdım və könüllü şəkildə polis idarəsinə getdim”.

O qeyd edib ki, İsmayılla həmişə zarafat ediblər, lakin sonuncu zarafat onun xətrinə dəyib:

“Hadisə zamanı spirtli içki qəbul etməmişdim. Yeznəmin vəfatı səbəbindən psixoloji cəhətdən gərgin idim. Yerdən götürdüyüm taxta parçası ilə İsmayıla iki dəfə zərbə vurdum. Sonradan onunla barışdım, vurduğum maddi ziyanı tam ödədim. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş İsmayıl isə ifadəsində bildirib ki, Arifi uşaqlıqdan tanıyır:

“Ariflə münasibətlərimiz həmişə yaxşı olub, qonşuluqda yaşamışıq. Biz daim bir-birimizlə zarafat etmişik. Bir gün saat 23 radələrində Ariflə söhbət edərkən etdiyim zarafat onun xətrinə dəydi. Bundan sonra Arif taxta parçası ilə mənə xəsarət yetirdi. Həmin vaxt huşumu itirdim”.

Zərərçəkmiş ifadəsinin sonunda bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. O qeyd edib ki, Ariflə barışıb və ona dəymiş maddi ziyan tam ödənilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Arif 2 il 9 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs edilib.

Arifin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az