Türkiyənin "Sabah" nəşrinin yaydığı məlumata görə, "Ahbap" Dərnəyi ilə bağlı aparıldığı bildirilən istintaq çərçivəsində sənətçi Haluk Levent haqqında yeni iddialar irəli sürülüb. Nəşr ABŞ-də yaşayan Sevda Kurt ilə Haluk Levent arasında olduğu iddia edilən "WhatsApp" yazışmalarının üzə çıxdığını yazır.
Demokrat.az xəbər verir ki, məlumata görə, Sevda Kurt Haluk Leventin ona borclarını ödədikdən sonra evlənəcəkləri barədə vəd verdiyini və bu yolla onu uzun müddət gözlətdiyini iddia edib. Xəbərdə həmçinin Leventin borc müqabilində "HLK" adlı kriptovalyuta aldığı, sonradan isə həmin aktivlərin bloklandığı irəli sürülür.
Nəşrin iddiasına əsasən, zəlzələ dövründə kriptovalyuta şəklində edilən bəzi yardımların "Ahbap" Dərnəyinin hesablarına köçürülmədən Haluk Leventin borclarının ödənilməsinə yönəldildiyi barədə mesaj məzmunları da araşdırma materiallarında yer alıb.
Yazıda Sevda Kurtun mobil telefonunda aparıldığı bildirilən ilkin araşdırma zamanı Haluk Leventin köməkçisi Yeliz Kaya ilə yazışmaların aşkarlandığı qeyd olunur. İddia edilən mesajlarda Yeliz Kaya Sevda Kurta növbəti cümə günü 400–500 min ABŞ dolları məbləğində ödəniş ediləcəyini yazır. Buna cavab olaraq Sevda Kurtun "Sizə əsla inanmıram. Artıq bir ildir hər cümə ödəniş ediləcəyi deyilir" ifadəsini işlətdiyi bildirilir.
Xəbərə görə, sonrakı yazışmalarda Yeliz Kaya ödəniş edilməyəcəyi təqdirdə hüquqi addımların atılacağını qəbul etdiklərini və bu dəfə ödənişin mütləq həyata keçiriləcəyini bildirib. Lakin Sevda Kurt daha sonra vəsaitin yenə köçürülmədiyini iddia edərək ödənişin nə vaxt ediləcəyini soruşub.
Nəşrin məlumatına əsasən, Sevda Kurt ilə Haluk Leventin tanışlığı 2022-ci ilin fevral ayında "Ahbap" Dərnəyinin sosial şəbəkələrdə yaşlı bir cütlüyə yardım kampaniyası paylaşmasından sonra başlayıb. Kurt əvvəlcə ehtiyac sahibi ailəyə 10 min Türkiyə lirəsi ianə etmək istədiyini, daha sonra isə Haluk Leventin şəxsən onunla əlaqə saxladığını bildirib.
Sevda Kurt ifadəsində Haluk Leventin dərnək əməkdaşlarına "Sevda bacınız pul verir, niyə qəbul etmirsiniz?" dediyini və onu dərnəyin mərkəzinə dəvət etdiyini iddia edib. Onun sözlərinə görə, bu görüşdən sonra aralarında etimad münasibəti formalaşıb.
Kurt daha sonra Haluk Leventin İsveçrədə investisiyalarının olduğunu, lakin maliyyə çətinliyi yaşadığını bildirərək ondan borc istədiyini iddia edib. O, sənətçinin etibarlı şəxs olduğuna inandığı üçün 2022-ci ildə Emrah Gödelinerin hesabına üç hissə şəklində ümumilikdə 160 min ABŞ dolları göndərdiyini bildirib.
Sevda Kurtun sözlərinə görə, tərəflər arasında imzalanmış protokollara baxmayaraq, həmin vəsaiti geri ala bilməyib və hər dəfə borcun ödəniləcəyi vədi ilə qarşılaşıb.
Xəbərdə həmçinin iddia olunur ki, 2025-ci ilin mart ayında Haluk Levent Sevda Kurtdan əlavə 80 milyon Türkiyə lirəsi borc istəyib və həmin məbləği aldığı halda əvvəlki borclarını da 10 gün ərzində bağlayacağını vəd edib. Kurt isə əvvəlki vəsaitini geri ala bilmək ümidi ilə Yeliz Kayanın hesabına daha 70 milyon Türkiyə lirəsi köçürdüyünü, əvəzində 92 milyon Türkiyə lirəsi məbləğində veksel alsa da, yenə ödəniş əldə etmədiyini iddia edib.






