Sosial Özəl

Yüksək təzminat istəmək nəticəni dəyişir? — Vəkil açıqladı

Yüksək təzminat istəmək nəticəni dəyişir? — Vəkil açıqladı

Məhkəmə çəkişmələri zamanı tərəflərdən birinin qarşı tərəfdən yüksək məbləğdə maddi və ya mənəvi təzminat tələb etməsi halları tez-tez müşahidə olunur. Xüsusilə mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda bəzən reallıqla uzlaşmayan, həddindən artıq yüksək məbləğlər tələb olunur.

Bəs məhkəmə prosesində qarşı tərəf həddindən artıq yüksək məbləğdə təzminat tələb edərsə, bu məsələ necə həll olunur?

Hüquqşünas Ceyhun İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, belə hallarda məhkəmələr ağlabatan hesab etdikləri məbləği əsas götürür:

Yüksək təzminat istəmək nəticəni dəyişir? — Vəkil açıqladı

“Məsələn, iddia hüquqi baxımdan əsaslıdır və təmin olunmalı xarakter daşıyırsa, lakin tələb olunan məbləğ reallıqla müqayisədə həddindən artıq şişirdilibsə, bu, həmin məbləğin tam şəkildə ödəniləcəyi anlamına gəlmir. Bununla bağlı artıq formalaşmış məhkəmə praktikası mövcuddur”.

Hüquqşünasın sözlərinə görə, mövcud praktikaya əsasən, hakim işin bütün hallarını, təqdim edilən sübutları və tərəflərin arqumentlərini qiymətləndirərək ədalətli hesab etdiyi məbləği müəyyənləşdirir və yalnız həmin hissənin ödənilməsinə qərar verir:

“Başqa sözlə, iddiada yüksək məbləğin göstərilməsi onun avtomatik olaraq tam həcmdə təmin edilməsi demək deyil. Bir daha vurğulamaq istəyirəm ki, əgər iddia ümumiyyətlə əsaslı deyilsə, məhkəmə onu rədd edir. Əgər iddia əsaslı hesab olunarsa, bu zaman da tələb olunan məbləğ olduğu kimi deyil, işin konkret halları və formalaşmış məhkəmə praktikası nəzərə alınmaqla müəyyən edilən ağlabatan hissə təmin olunur”.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən hakim Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən ümumilikdə 1 milyon manata yaxın təzminat tələb edib. İddiada azyaşlı övladların təminatı üçün 700 min manat, mənəvi zərərə görə 270 min manat, qəzada yararsız hala düşən avtomobilə görə isə 30 min manat ödənilməsi istənilsə də, məhkəmə bu tələbləri yalnız qismən təmin edərək ümumilikdə 21 701 manat təzminatın ödənilməsinə qərar verib.

Fidan Hacızadə

D
demokrat.az