Şou-biznes Özəl

Fatih Ürekin ən böyük arzusu bu imiş: Bacısı mirasla bağlı danışdı

Fatih Ürekin ən böyük arzusu bu imiş: Bacısı mirasla bağlı danışdı

Müğənni və televiziya aparıcısı Fatih Ürekin vəfatından sonra onun mirası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sənətçinin bacısı Selvi Ürek televiziya proqramında qardaşının vəsiyyəti və maddi vəziyyəti barədə diqqətçəkən açıqlamalar verib.

Demokrat.az xəbər verir ki, yanvarın 30-da evində keçirdiyi ürək tutması nəticəsində 59 yaşında vəfat edən Fatih Ürek uzun müddət reanimasiyada həyat uğrunda mübarizə aparsa da, həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib. Onun ölüm xəbərini meneceri və yaxın dostu Mert Siliv açıqlayıb. Mərhum sənətçi keçirilən dəfn mərasimi ilə son mənzilə yola salınıb.

Fatih Ürekin ölümündən sonra iki il əvvəl televiziya proqramında səsləndirdiyi vəsiyyəti də yenidən gündəmə gəlib. O bildirmişdi ki, öz adını daşıyan bir fondun yaradılmasını istəyir və ən böyük arzusunun öz adına məktəb tikdirilməsi olduğunu qeyd edib.

Selvi Ürek bildirib ki, qardaşı barədə yayılan sərvət iddiaları həqiqəti əks etdirmir.

"Fatihin əsl var-dövləti yalnız paltarları idi. Çoxlu zinət əşyası yox idi, çünki onları tez-tez dəyişirdi. Biz qardaş-bacı olaraq həmin əşyalara toxunmadıq. Qəyyum kimi isə ailənin yaxın dostu olan bir iş xanımını təyin etdik. Qardaşlar arasında bu məsələ ilə bağlı tam etibar olmadığı üçün belə qərar verdik. Qiymətli əşyalar ona etibar edildi və sonradan bizə təhvil verildi", deyə Selvi Ürek bildirib.

Onun sözlərinə görə, Fatih Ürekin maddi vəziyyəti ilə bağlı mediada səsləndirilən yüksək məbləğlər reallığı əks etdirməyib.

"Bir jurnalist televiziyada onun sərvətini şişirdərək təqdim etmişdi. Mən də qardaşımın nüfuzuna xələl gəlməsin deyə bunu təkzib etmədim. Əslində vəziyyət fərqli idi. Onun iki evi var və hələ də satılmayıb", deyə o qeyd edib.

Selvi Ürek bildirib ki, sənətçinin xeyli borcu olub.

"Onun kredit, kredit kartı və avans borcları var idi. Bu borclar topladığı qızıl və xarici valyuta hesabına ödənildi. Həmçinin yanında çalışan şəxslərin sosial sığorta haqları və vergi borcları da bağlanıb. Hazırda cüzi məbləğdə borc qalıb", deyə o bildirib.

Bacısının sözlərinə görə, Fatih Ürekin ən böyük arzularından biri öz adına məktəb tikdirmək olsa da, ailə üzvləri bu ideyanı dəstəkləmir.

"O, məktəb tikdirmək istəyirdi. Lakin bacı-qardaşlarım və bacıoğlanlarım bu fikrə isti yanaşmırlar. Həm də düşündükləri kimi çox böyük maddi imkanımız yoxdur", deyə Selvi Ürek vurğulayıb.

Jalə Demokrat.az

D
demokrat.az