Ürək xəstəlikləri dünyada əsas ölüm səbəblərindən biri olaraq qalır. Bildirilir ki, ürək sağlamlığını qorumaq üçün gündəlik qidalanma vərdişlərində kiçik dəyişikliklər etmək kifayət edə bilər.
Demokrat.az xəbər verir ki, “The Huffington Post” nəşrinə danışan kardioloq və qidalanma mütəxəssislərinin sözlərinə görə, bu qidaların istehlakı mümkün qədər məhdudlaşdırılmalıdır:
Ağ çörək-Yüksək qlisemik indeksə və aşağı lif tərkibinə görə qanda şəkərin sürətlə yüksəlməsinə, insulin müqavimətinə və çəki artımına səbəb ola bilər. Mütəxəssislər çörək seçərkən “100% tam taxıllı” məhsullara üstünlük verilməsini tövsiyə edirlər.
Kartof qızartması-Təkrar istifadə olunan yağlarda hazırlanması trans yağların yaranmasına səbəb ola bilər. Bundan əlavə, yüksək duz tərkibi yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırır.
Emal olunmuş ət məhsulları (bastırma və s.)-Yüksək natrium, doymuş yağ və konservantlar qan təzyiqinin yüksəlməsinə, damarların zədələnməsinə və ürək xəstəlikləri riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislər ürək sağlamlığını dəstəkləmək üçün mərci, noxud, lobya kimi paxlalılar, kətan toxumu, badam və tam taxıllı məhsulların qida rasionunda daha çox yer almasını tövsiyə edirlər. Bu qidaların xolesterinin tənzimlənməsinə, qan təzyiqinin normada saxlanmasına və ürək-damar sağlamlığının qorunmasına müsbət təsir göstərdiyi bildirilir.


