Kriminal Özəl

Bakıda kafedə ofisiant qızlar arasında dava düşdü — Səbəb

Bakıda kafedə ofisiant qızlar arasında dava düşdü — Səbəb

Bakının Sabunçu rayonunda restoranda ofisiantlar arasında baş verən mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verib.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Aysu işlədiyi restoranın otaqlarından birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, ofisiant kimi çalışan Fərqanə (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman Aysu əlləri ilə zərbələr endirərək Fərqanəyə müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Aysunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Aysu elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2026-cı ilin mart ayından restoranda ofisiant kimi çalışıb:

“Fərqanə də həmin məkanda ofisiant işləyib. Aramızda hər hansı ədavət və ya şəxsi qərəz olmayıb. Son vaxtlar Fərqanə ilə aramızda söz-söhbətlər yaranmışdı. Buna səbəb isə onun müxtəlif yerlərdə mənim barəmdə xoşagəlməz sözlər deməsi olub. Mən əvvəlcə mübahisə yaranmasın deyə susdum və heç nə demədim. Düşündüm ki, Fərqanə mənim barəmdə xoşagəlməz sözlər danışmağı dayandırar. Bir müddət vəziyyət sakitləşsə də, son günlər yenidən onun mənə qarşı davranışlarından və haqqımda xoşagəlməz sözlər deməsindən sonra məsələni onun özü ilə danışaraq həll etmək istədim”.

Təqsirləndirilən şəxs deyib ki, həmin gün axşamüstü Fərqanəyə mesaj yazaraq onun haqqında dediyi bütün xoşagəlməz sözlərin özünə aid olmasını bildirib:

“Təxminən bir saat sonra, saat 18 radələrində Fərqanə işə gəldi. Həmin vaxt kabinetlərin birində masanı düzəldirdim. Bu zaman Fərqanə olduğum otağa daxil oldu və əsəbi halda üzərimə gələrək mesajı mənim yazıb-yazmadığımı soruşdu. Mən də səbəbsiz yerə yazmadığımı, əvvəlcə onun məni söydüyünü, mənim isə buna qarşılıq verdiyimi dedim. Bu zaman Fərqanə mənim sinəmə əl atdı. Mən də cavab olaraq ona şillə vurdum. Bundan sonra bir-birimizə əllərimizlə zərbələr endirməyə başladıq. Bir anlıq vəziyyət sakitləşdi. Fərqanə polisə məlumat verəcəyini bildirdi və otaqdan çıxdı”.

Aysunun ifadəsinə görə, bir qədər sonra polis əməkdaşları gəlib və məlum olub ki, Fərqanə onun tərəfindən döyüldüyü barədə məlumat verib:

“Mənim əvvəlcə şikayət etmək niyyətim olmasa da, Fərqanənin məndən şikayət etdiyini görəndən sonra mən də ərizə yazaraq onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdim. Ərizələrimizin qəbul edilməsi üçün məni və Fərqanəni polis şöbəsinə dəvət etdilər”.

İş üzrə zərərçəkmiş Fərqanə bildirib ki, 2026-cı ilin mart ayından həmin restoranda ofisiant kimi çalışıb:

“Aysu da həmin məkanda ofisiant işləyib. Aramızda hər hansı ədavət və ya şəxsi qərəz olmayıb. Son vaxtlar Aysu ilə aramızda söz-söhbətlər yaranmışdı. Buna səbəb isə onun işdə buraxdığı nöqsanlar idi. Ola bilsin ki, həmin nöqsanlara görə işdə Aysu barədə nəsə demişəm. Lakin onu heç vaxt təhqir etməmişəm və barəsində xoşagəlməz sözlər deməmişəm”. Fərqanə deyib ki, hadisə günü Aysu ona mesaj yazaraq onun haqqında xoşagəlməz sözlər dediyini bildirib və həmin sözlərin özünə aid olmasını yazıb:

“Bu, mənə çox pis təsir etdi və fikirləşdim ki, işə gələndə ondan nə demək istədiyini soruşaram. Təxminən bir saat sonra, saat 18 radələrində işə gəldim. Həmin vaxt Aysunun kabinetlərin birində masanı düzəltdiyini öyrəndim və həmin kabinetə keçdim. Otaqda Aysudan başqa heç kim yox idi. Onunla normal şəkildə salamlaşdım və mesaj yazmaqla nə demək istədiyini soruşdum. Aysu mənə kobud cavab verərək yaxşı etdiyini dedi və başıma oyun açacağı ilə hədələdi. Ondan belə davranış gözləmirdim. Bu zaman bir-birimizə əl atdıq. Aysu əlləri ilə sifətimə və hər iki qoluma zərbələr vurdu. Mən də onun sinəsinə və sifətinə əllərimlə zərbələr endirdim”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Aysu 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli

D
demokrat.az