Hazırda məktəblərdə vahid məktəbli formasından kənar gündəlik geyimlərdən istifadə halları nəzərəçarpacaq dərəcədə artıb. Bir çox şagirdlər dərsə məktəbli forması əvəzinə fərqli üslubda geyimlərlə gəlir ki, bu da cəmiyyətdə və təhsil ictimaiyyətində müzakirələrə səbəb olur.
Bununla bağlı, Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində şagirdlərin müəyyən olunmuş məktəbli geyim formasına riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub.
Məktəblilərin geyim qaydalarındakı dəyişikliklər şagirdlərin fərdiliyinə və psixologiyasına necə təsir edir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən neyropsixoloq Aytəkin Aslan son illərdə bir çox məktəb geyim qaydalarını yenidən nəzərdən keçirdiyini deyib:
“Bəzi məktəblər uniforma tələblərini yumşaldır, digərləri isə daha ciddi qaydalar tətbiq edir. Bu dəyişikliklər təkcə şagirdlərin xarici görünüşünə deyil, həm də onların fərdiliyinə, özünüifadəsinə, sosial münasibətlərinə və psixoloji vəziyyətinə təsir göstərir.
Neyropsixoloq olaraq qeyd edim ki, məktəblilərin geyim qaydalarındakı dəyişikliklər onların beyninin emosional və sosial inkişafına müəyyən təsir göstərə bilər. Yeniyetməlik dövründə beyin, xüsusilə özünüqiymətləndirmə, şəxsiyyətin formalaşması və sosial münasibətləri idarə edən sahələr sürətlə inkişaf edir. Bu səbəbdən geyim yalnız xarici görünüş deyil, həm də şagirdin özünü necə qəbul etməsi və cəmiyyətə necə təqdim etməsi ilə əlaqəlidir. Həddindən artıq sərt geyim qaydaları bəzi şagirdlərdə seçim azadlığının məhdudlaşdığı hissini yaradaraq stress, narahatlıq və motivasiya azalmasına səbəb ola bilər.
Digər tərəfdən, vahid məktəb forması qərarvermə yükünü azaldır, sosial müqayisələri zəiflədir və bəzi şagirdlərdə təhlükəsizlik, bərabərlik və aidiyyət hissini gücləndirir-nəzərə alaq ki, ən sağlam yanaşma intizamla yanaşı şagirdlərin fərdi xüsusiyyətlərini də nəzərə alan çevik geyim siyasətidir. Belə olduqda həm emosional rifah, həm də diqqət, öyrənmə motivasiyası və sosial uyğunlaşma daha müsbət istiqamətdə inkişaf edir.Yeniyetməlik yaşlarında xüsusilə geyim özünü ifadə etməyin ən sadə vasitələrindən biri olduğu üçün sərt geyim qaydaları bəzi şagirdlərdə öz seçimlərini göstərə bilməmək, fərdiliyinin məhdudlaşdırılması və narazılıq hissi yarada bilər. Əksinə, daha çevik qaydalar şagirdlərə müəyyən sərhədlər daxilində seçim imkanı verərək özünəinamın və yaradıcı düşüncənin inkişafına müsbət təsir göstərə bilər. Bununla yanaşı, məktəb forması sosial-iqtisadi fərqləri daha az görünən edir və şagirdlərin maddi vəziyyətinə görə müqayisə olunmasının qarşısını müəyyən qədər alır. Bu isə geyimə görə ayrı-seçkilik və bullinq hallarının azalmasına kömək edə bilər”.
Neyropsixoloq əlavə edib ki, hamının eyni geyinməsi bəzi şagirdlərdə fərdi kimliyin arxa plana keçdiyi hissini yarada bilər:
“Sərt geyim qaydaları bəzən intizam və dərsə diqqətin artması ilə əlaqələndirilsə də, bunun yalnız geyimdən deyil, məktəbdəki ümumi nizam-intizam mühitindən də asılı olduğu qeyd edə bilərəm. Qaydaların qəfil və ya həddindən artıq sərt şəkildə tətbiqi şagirdlərdə narahatlıq, ədalətsizlik hissi və məktəbə qarşı mənfi münasibət formalaşdıra bilər. Rahat və şəxsi zövqə uyğun geyim şagirdin özünü daha inamlı hiss etməsinə kömək etdiyi halda, məcburi və narahat geyim stress yarada bilər. Eyni zamanda, vahid məktəb forması bəzi şagirdlərdə öz məktəbinə aidiyyət hissini və məktəbə bağlılığı gücləndirə bilər. Tarixi baxımdan da bu məsələ maraqlıdır. Sovet dövründə məktəb forması demək olar ki, bütün şagirdlər üçün məcburi idi. Bu sistem zahiri bərabərlik və kollektivlik hissi yaratsa da, fərdi özünüifadə imkanlarını xeyli məhdudlaşdırırdı. Müasir yanaşmalar isə həmin təcrübədən nəticə çıxararaq həm intizamı və bərabərliyi qorumağa, həm də şagirdlərə müəyyən seçim azadlığı verməyə çalışır. Buna görə də geyim qaydalarının təsiri onların necə hazırlanmasından, nə dərəcədə çevik olmasından və şagirdlərin bu prosesə cəlb edilməsindən asılıdır. Ən uğurlu model təhlükəsizlik və nizam-intizamı qoruyarkən şagirdlərin fərdiliyinə və psixoloji rahatlığına da hörmət edən balanslı geyim qaydaları hesab olunur”.


