Türkiyənin TRT 1 telekanalında yayımlanacaq yeni mövsüm seriallarından biri olan "Evlilik gözəldir"in aktyor heyətinə yeni isim daxil olub. Gənc aktrisa Selin Soydan ekran əsərində Mələk obrazını canlandıracaq.
Demokrat.az xəbər verir ki, "Miss Model of Türkiye 2023" müsabiqəsinin qalibi olan Selin Soydan daha əvvəl "Mehmet: Fetihler Sultanı" serialındakı rolu ilə diqqət çəkmişdi. Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, aktrisa yeni mövsümün maraqla gözlənilən layihələrindən sayılan "Evlilik gözəldir" serialının aktyor heyətinə qoşulub.
"Greative Film" şirkətinin istehsalı olan serialın çəkilişlərinə iyulun 21-də start verilib. Oxu məşqləri artıq başa çatıb və layihənin avqust ayında tamaşaçılara təqdim ediləcəyi bildirilir.
Serialın süjeti nikah məmuru Mesut Bahtiyar və onun beş qızı – Yasemin, Zeynəb, Bahar, Aslı və Nərgizin həyatından bəhs edir. Mesut Bahtiyar anası Safiye və mərhum həyat yoldaşının qardaşı Servetlə birlikdə yaşayır. Onun ən böyük arzusu qızlarının ailə qurduğunu görməkdir.
Selin Soydanın canlandıracağı Mələk obrazı serialda Sinanın (Emre Bey) iş yoldaşı olacaq. Süjet xəttinə əsasən, Sinan və Yasemin arasında sevgi münasibəti yaşansa da, ailələrin fərqli həyat tərzləri onların münasibətlərində gərginlik yaradır. Sinanın anası oğluna gəlin namizədi kimi məhz Mələyi uyğun hesab edir. Bu vəziyyət ailələr arasında ənənəvi və müasir həyat tərzlərinin toqquşmasını ön plana çıxarır.
Serialın kreativ prodüseri Hasan Kaçan, prodüserləri Zafer Yiğit və Ahmet Şevki Peker, rejissorları isə Şafak Bal və Serap Danış Koçakdır. Ssenari müəllifləri Baykut Badem, Hasan Tolga Pulat, Hazan Toma və Seçil Çömlekçidir.
Ailə komediyası janrında çəkilən "Evlilik gözəldir" serialının ilk bölümünün, planlarda dəyişiklik olmazsa, avqustun 17-də TRT 1 kanalında yayımlanacağı gözlənilir.
Jalə Demoktrat.az


