Türkiyədə "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində müğənni Haluk Levent haqqında yeni iddialar gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, istintaq materiallarına əsasən, Leventin 20 il ərzində vəkilliyini etmiş Mehmet Söğüt və sənət qalereyasının sahibi Mehmet Ulu da onun tərəfindən maddi ziyana məruz qaldıqlarını iddia ediblər. Araşdırmalarda Leventin hər iki şəxsdən borc aldığı, lakin vəsaiti geri qaytarmadığı bildirilir.
Ortaya çıxan "WhatsApp" yazışmalarında kreditorların dəfələrlə pullarını tələb etmələrinə baxmayaraq cavab ala bilmədikləri görünür. Mehmet Söğüt ifadəsində Leventin uzun müddət onunla əlaqədən yayındığını, borcun ödənilməsi ilə bağlı verilən vədlərin isə yerinə yetirilmədiyini deyib.
İstintaq sənədlərində Leventin "Ahbap" ofisinin fotosunu çəkərək bir şəxsə göndərdiyi və təhdid xarakterli mesaj yazdığı da qeyd olunur. Bundan əlavə, səs yazılarında tərəflər arasında borclar və ödənişlərin gecikdirilməsi ilə bağlı müzakirələr yer alıb.
Digər zərərçəkmiş Mehmet Ulu isə ifadəsində Leventin onu dəfələrlə müxtəlif çeklərlə aldatdığını, milyonlarla lirəlik borcun hələ də ödənilmədiyini bildirib. İddialara görə, Levent borcların bağlanacağını vəd etsə də, öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, Haluk Levent və "Ahbap" dərnəyi ilə bağlı istintaq davam edir və səsləndirilən iddialarla bağlı yekun məhkəmə qərarı verilməyib.






