İqtisadiyyat Özəl

"Pulu evdə saxlamaq onu inflyasiyadan qorumur"

Pulu evdə saxlamaq onu inflyasiyadan qorumur

İnflyasiya, valyuta məzənnələrində dəyişikliklər və maliyyə bazarlarındakı dalğalanmalar fonunda vətəndaşlar qazandıqları vəsaiti necə dəyərləndirməyin daha məqsədəuyğun olduğu barədə düşünürlər. Bəziləri pulu nağd şəkildə saxlamağa üstünlük versə də, digərləri onu müxtəlif investisiya alətlərinə yönəltməyi daha sərfəli hesab edir.

Qazancı nağd saxlamaq, yoxsa investisiya etmək sərfəlidir?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, inflyasiya şəraitində pulu evdə nağd saxlamaq onun dəyərini qorumaq demək deyil:

“Çünki pulun məbləği dəyişməsə də, qiymətlər bahalaşdıqca həmin məbləğə əvvəlkindən daha az məhsul və xidmət almaq mümkün olur. Yəni pulun alıcılıq qabiliyyəti azalır. Hazırda Azərbaycanda inflyasiya təxminən 5,7-5,8 faiz səviyyəsindədir və bu da vəsaitin real dəyərinin tədricən aşağı düşməsinə səbəb olur. Məncə, ən düzgün yanaşma bütün pulu nə evdə nağd saxlamaq, nə də hamısını investisiyaya yönəltməkdir. Vəsait məqsədinə uyğun şəkildə bölüşdürülməlidir. İlk növbədə hər bir insanın ən azı bir neçə aylıq xərclərini qarşılaya biləcək ehtiyat fondu olmalıdır. Bu vəsait gözlənilməz hallarda, planlaşdırılmamış xərclər yarandıqda maliyyə təhlükəsizliyi təmin edir. Bununla yanaşı, ehtiyacdan artıq pulu uzun müddət heç bir gəlir əldə etmədən saxlamaq da məqsədəuyğun deyil. İnsan maliyyə planlamasında hər zaman bir neçə addım irəlini düşünməlidir”.

İqtisadçı qalan vəsaitin müxtəlif investisiya alətlərinə yönəltməyin mümkün olduğundan bəhs edib:

“Bunlara bank əmanətləri, istiqrazlar, qiymətli kağızlar, daşınmaz əmlak, eləcə də qızıl və digər qiymətli metallar daxildir. Hazırda təkcə vətəndaşlar deyil, dövlətlər də sərvətlərini qorumaq üçün qızıl kimi etibarlı aktivlərə üstünlük verirlər. Son dövrlərdə qızılın qiymətindəki artım da bunun göstəricisidir. Ancaq vacib bir məqam da var: yüksək gəlir vəd edən investisiyalar adətən daha yüksək risk daşıyır. Buna görə də investisiya qərarı verərkən yalnız gəlirliliyi deyil, mümkün riskləri də nəzərə almaq lazımdır. Bu gün bir çox insan investisiyanı yalnız dollar və ya mənzil almaq kimi qiymətləndirir. Halbuki maliyyə bazarında bununla məhdudlaşmayan müxtəlif investisiya imkanları mövcuddur. Cəmiyyətin bu alətlər barədə daha geniş məlumatlandırılması vacibdir. Əslində, məsələni “Pulu evdə saxlayım, yoxsa investisiya edim?” sualı ilə deyil, “Pulumu necə idarə edim ki, həm dəyərini itirməsin, həm də gəlir gətirsin?” yanaşması ilə qiymətləndirmək daha doğru olar. Nağd vəsait qısamüddətli ehtiyaclar üçün vacibdir, investisiya isə uzunmüddətli maliyyə sabitliyinin formalaşmasına xidmət edir. Ən önəmlisi isə bütün vəsaiti bir istiqamətə yönəltməmək, riski bölüşdürmək və maliyyə qərarlarını emosiyalarla deyil, hesablamalar əsasında verməkdir. Hesab edirəm ki, vətəndaşın bütün vəsaitini nə nağd şəkildə saxlaması, nə də hamısını riskli investisiyalara yönəltməsi düzgün yanaşma deyil. Ən sağlam strategiya maliyyə vəsaitinin məqsədəuyğun şəkildə bölüşdürülməsidir”.

Fidan Hacızadə

D
demokrat.az