Son illərdə Azərbaycanda istismar müddəti uzun olan avtomobillərin sayı artmaqda davam edir. Avtomobil parkının qocalması həm texniki nasazlıqların çoxalmasına, həm də yol hərəkəti təhlükəsizliyi və ətraf mühitlə bağlı risklərin artmasına səbəb ola bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq hələ 2019-cu ildə aidiyyəti qurumlarla birlikdə avtomobil parkının vəziyyəti ilə bağlı hesabat hazırlamışdıq:
“Dövlət-özəl sektor dialoqu çərçivəsində keçirilən görüşlərdə bildirmişdik ki, həmin dövrdə ölkədəki avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən yuxarı idi. Bu isə avtopark üçün ciddi risk və təhlükə yaradırdı. Bundan sonra bir sıra mühüm addımlar atıldı. Aidiyyəti qurumlar tərəfindən utilizasiya prosesinə start verildi, dövlət tərəfindən ekoloji təmiz nəqliyyat vasitələrinə müxtəlif güzəştlər tətbiq olundu. Eyni zamanda, yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyuldu, 7 ildən yuxarı avtomobillər üçün isə aksiz vergisi artırıldı. Bu istiqamətdə aidiyyəti qurumlar kifayət qədər ciddi addımlar atıblar. Lakin hazırda da yaşı 10 ilə qədər olan avtomobillərin ölkəyə idxalı davam edir. Biz avtoparkı yeniləmək istəyirik, amma bu proses gedən müddətdə həmin avtomobillər də köhnəlir”.
O deyib ki, yaxın illərdə yaşı 5 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə də müəyyən məhdudiyyətlər tətbiq olunsa, daha məqsədəuyğun olar:
“Utilizasiya prosesi artıq tam gücü ilə işləyir. Təxminən 3-4 gün əvvəl aidiyyəti qurumdan aldığım məlumata görə, utilizasiyaya təhvil verilən avtomobillərin sayı artıq 30 mini keçib. Bu proses bir qədər də sürətlənsə, ölkənin avtomobil parkının cavanlaşdırılması istiqamətində işlər daha səmərəli şəkildə davam edəcək. Eyni zamanda, paralel idxal yolu ilə "yeni" adı altında ölkəyə gətirilən işlənmiş avtomobillərin, eləcə də müxtəlif hərraclardan alınaraq gətirilən yararsız ikinci əl nəqliyyat vasitələrinin idxalının qarşısı daha ciddi şəkildə alınarsa, avtoparkın yenilənməsi prosesi daha da sürətlənər. Avtomobil parkının köhnə olması yollarda təhlükə mənbəyidir. Bu təhlükə hər kəs üçün keçərlidir. İstər imkanlı, istərsə də aztəminatlı insanlar – hər kəs belə risklərin qurbanına çevrilə bilər. Ona görə də vətəndaşları mətbuat vasitəsilə maarifləndirmək, onları daha yeni avtomobillər almağa təşviq etmək vacibdir. İnsanlara izah olunmalıdır ki, köhnə avtomobillər təkcə onların büdcəsinə deyil, həm də cəmiyyətə, ekologiyaya və yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu istiqamətdə maarifləndirmə gücləndirilsə, vətəndaşlar da köhnə avtomobillərin ölkəyə gətirilməsinə daha az maraq göstərəcəklər”.


