Türkiyənin TRT 1 kanalında yayımlanan və qısa müddətdə yüksək reytinqlər qazanan “Taşacak Bu Deniz” serialında yeni mövsümə hazırlıq işləri davam edir.
Demokrat.az xəbər verir ki, ailə münasibətləri, keçmişdən gələn hesablaşmalar və gizli sirlərlə zəngin süjeti ilə tamaşaçıların rəğbətini qazanan ekran işinin ikinci mövsümündə həm yeni obrazlar, həm də gözlənilməz ayrılıqların yaşanacağı bildirilir. Sentyabr ayında çəkilişlərinə başlanılması planlaşdırılan serialın aktyor heyətində və ssenarisində mühüm dəyişikliklərin ediləcəyi qeyd olunur.
Onur Dilber serialdan ayrılır
Türkiyə mətbuatının yaydığı məlumata görə, serialın ilk mövsümündə “Gezep” obrazını canlandıran aktyor Onur Dilber ikinci mövsümdə layihədə yer almayacaq.
Onun serialdan ayrılması ssenaridə də ciddi dəyişikliklərə səbəb olacaq. Bildirilir ki, yaradıcı heyət yeni obrazları ön plana çıxarmaqla hadisələrin inkişafına fərqli istiqamət verməyi planlaşdırır.
Baş qəhrəman ilk bölümlərdə görünməyəcək
Serialın diqqətçəkən obrazlarından biri olan Fatih Furtunanın da yeni mövsümün ilk bölümlərində ekranlarda görünməyəcəyi bildirilir.
İddialara görə, bu personaj ilk 13 seriyada hadisələrin inkişafında iştirak etməyəcək. Lakin sonrakı bölümlərdə onun yenidən seriala qayıdacağı və hadisələrin gedişinə ciddi təsir göstərəcəyi qeyd olunur.
Yeni obrazlar süjetə yeni nəfəs gətirəcək
İkinci mövsümdə seriala Adilin halası obrazı da daxil olacaq. Sərt xarakteri ilə seçilən bu personajın xüsusilə Esme ilə qarşıdurma yaşayacağı və hadisələrin inkişafına təsir göstərəcəyi gözlənilir.
Bundan başqa, Timur Volkovun oğlunun da seriala qatılacağı bildirilir. Bu obrazın meydana çıxmasının Volkovlar ailəsində münasibətləri daha da gərginləşdirəcəyi, yeni qarşıdurmalara və gizli sirlərin üzə çıxmasına səbəb olacağı qeyd edilir.
Məlumata görə, yeni personajların seriala daxil olması mövcud münasibətləri dəyişəcək və hadisələrin inkişafını fərqli məcraya yönəldəcək. Bu səbəbdən “Taşacak Bu Deniz” serialının ikinci mövsümünün tamaşaçılar üçün daha gərgin və sürprizlərlə zəngin olacağı gözlənilir.


