Hadisə Özəl

Bu şosedə yenə yol çökdü — Qəza şəraiti yaradır

Bu şosedə yenə yol çökdü — Qəza şəraiti yaradır

Binəqədi şosesində, konkret olaraq "Qətər" avtosalonunun qarşısında yolun hərəkət hissəsində növbəti çökmə hadisəsi qeydə alınıb. Bu hadisə ərazidə tez-tez təkrarlandığı üçün sürücülər və sakinlər arasında narazılıq doğurur.

Redaksiyamıza göndərilən fotodan aydın görünür ki, lyukun bilavasitə yanında asfaltdakı dərin çuxur yaranıb. Bu, yalnız təkərlərin zədələnməsinə səbəb olmur, həm də sürücülərin bu hissədən keçərkən qəfil manevr etmələrini tələb edir, bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Sakinlərin bildirdiyinə görə, bu, Binəqədi şosesində baş verən birinci analoji hadisə deyil. Yolun digər hissələrində də analoji çökmələr və çuxurlar tez-tez yaranır, bu da yol infrastrukturunun bərbad vəziyyətdə olduğunu göstərir.

Xüsusilə lyukların ətrafında asfalt örtüyünün nahamar olması, bəzi lyukların asfalt səviyyəsindən xeyli aşağıda olması və ya ətrafında dərin çuxurların yaranması, avtomobillərin hərəkəti zamanı sarsıntılara və potensial qəzalara gətirib çıxarır.

Bu cür hallar yol örtüyünün çəkilməsi zamanı standartlara əməl edilməməsi, lazımi keyfiyyətdə materiallardan istifadə olunmaması və lyukların quraşdırılması zamanı texniki tələblərin pozulması nəticəsində baş verir. Eyni zamanda, çökmələrin digər bir səbəbi kimi, torpaq suyunun səviyyəsinin yüksək olması və ya yeraltı borularda sızıntıların olması da göstərilir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Qeyd edək ki,Binəqədi şosesi Bakı şəhərinin ən işlək magistrallarından biri olduğu üçün onun bərbad vəziyyətdə olması şəhərdə hərəkət sıxlığının artmasına da səbəb olur.

Fidan Hacızadə

D
demokrat.az