Kriminal Özəl

Bakıda kişi keçmiş əri ilə yazışan arvadını bıçaqladı

Bakıda kişi keçmiş əri ilə yazışan arvadını bıçaqladı

Bakının Suraxanı rayonunda ər həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Tacəddin həyat yoldaşı Sara (adlar şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib.

Mübahisəyə səbəb qadının keçmiş əri ilə telefon vasitəsilə yazışması olub. Yaranan mübahisə zamanı Tacəddin həyat yoldaşının sifət nahiyəsinə iki dəfə şillə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Tacəddin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sara ilə 2024-cü ildə ailə həyatı qurub:

"Həmin nikahdan bir qız övladımız dünyaya gəlib. Aramızda uzun zamandır ki, mübahisə baş vermirdi. Sara məlum hadisə günü saat 9 radələrində Saatlı rayonundan yaşadığımız evə gəldi. Saat 14 radələrində onun mobil telefonundakı yazışmaları yoxlayarkən keçmiş həyat yoldaşı ilə eyni adda olan başqa bir şəxslə mesajlaşdığını gördüm. Qısqanaraq Saraya qulaq asmadan onun sifətinin sol tərəfinə iki dəfə şillə vurdum."

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Saranın mobil telefonunu əlindən alaraq sındırıb:

"Bu zaman Sara əsəbiləşərək mətbəxə keçdi. Orada mətbəx işi görərkən yanlışlıqla əlində olan mətbəx bıçağı sağ ayağına batdı. Hadisə zamanı yanımızda kənar heç kim olmayıb."

Suraxanı Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı məlum olub. Bu səbəbdən qadın ərinə qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Tacəddin barəsində aparılan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az