Bakının Binəqədi rayonunda dələduzluqda ittiham olunan 1972-ci il təvəllüdlü İlham Şirinovun məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlham Şirinov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəhruz adlı şəxsin Rusiya Federasiyasında aldığı ali təhsil diplomunun Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasına kömək edəcəyini vəd edib.
O, Şəhruz ona müraciət etdikdən sonra yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsilə bu məsələni həll edə biləcəyini yalandan bildirib. Məsələnin müsbət həlli üçün 2022-ci ilin iyun ayında Binəqədi qəsəbəsində, "Binəqədi Mərkəz" adlanan ərazidə Şəhruzdan 6 min manat alıb.
İlham Şirinova Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub.
İş üzrə ifadə verən Şirinov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şəhruzu 2010-cu ildən tanıyır:
"Həmin illərdə həmin ərazidə mebel mağazam var idi. Şəhruz da Binəqədi rayonu, Azadlıq metrostansiyası yaxınlığında yaşayırdı. O, bir neçə dəfə mağazama mebel almaq üçün gəlmişdi və həmin vaxtdan aramızda dostluq münasibəti yaranmışdı. Şəhruz Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Yujdak Universitetində hüquqşünaslıq ixtisasını 2000-ci ildə bitirsə də, diplomunu indiyədək Azərbaycanda tanıda bilməmişdi. 2022-ci ilin yayında Azadlıq metrostansiyası yaxınlığında görüşərkən bu barədə yenidən söhbət açdı. Mən isə bir tanışımın bu işi həll edə biləcəyini, lakin bunun müqabilində müəyyən məbləğdə pul istəyəcəyini dedim. Əslində isə həmin vaxt pula ehtiyacım olduğu üçün ona yalan danışmışdım."
Təqsirləndirilən şəxs bildirib ki, bir neçə gün sonra növbəti görüş zamanı Şəhruza həmin şəxslə danışdığını və diplomun tanınması üçün 6 min manat lazım olduğunu deyib:
"Şəhruz razılaşdı. Bir neçə gün sonra Binəqədi Mərkəz adlanan ərazidə görüşdük və o, avtomobilində mənə 6 min manatı nağd şəkildə verdi. Sonradan diplomun tanınıb-tanınmadığını soruşanda ona tezliklə təsdiqlənəcəyini desəm də, bu baş vermədi. Bu əməli törətməyimin səbəbi həmin vaxt pula ehtiyacımın olması idi. Buna görə də Şəhruzu aldadaraq pulunu mənimsədim."
Şirinov ifadəsində zərərçəkmişə dəymiş 6 min manat məbləğində maddi ziyanı ödədiyini və əməlindən peşman olduğunu bildirib.
Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin zərərçəkmişə vurduğu ziyanı tam ödədiyi müəyyən edilib.
Bundan başqa, o, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində vəsaiti dövlət büdcəsinə ödəyib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən İlham Şirinov cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
Həmçinin onun barəsində seçilmiş polis nəzarətinə vermə qətimkan tədbiri ləğv olunub.


