Siyasət Özəl

Hörmüz riskinə qarşı yeni layihə hazırlanır — Açıqlama

Hörmüz riskinə qarşı yeni layihə hazırlanır — Açıqlama

Birləşmiş Ərəb Əmirliklərinin liman operatoru "DP World" BƏƏ-nin şərq sahilində iki yeni dərin su terminalı tikmək barədə razılığa gəlib. Şirkətin açıqlamasına görə, bu, gəmilərin Hörmüz boğazından keçməsini tələb etmədən qlobal ticarət üçün birbaşa marşrutlar təmin edəcək.

Bu layihə gələcəkdə Hörmüz boğazında yarana biləcək risklərin təsirini azaltmağa xidmət edə bilərmi?

Siyasi şərhçi Ülviyyə Zülfiqar Demokrat.az-a açıqlamasında bildirib ki, BƏƏ-nin şərq sahilində, Hörmüz boğazından kənarda iki yeni dərin su terminalının inşası strateji baxımdan təkcə logistika layihəsi deyil, həm də regional risklərin idarə olunmasına hesablanmış mühüm addım kimi qiymətləndirilə bilər:

Hörmüz riskinə qarşı yeni layihə hazırlanır — Açıqlama

“Son illərdə Hörmüz boğazında vaxtaşırı yaranan hərbi-siyasi gərginliklər, gəmiçilik təhlükəsizliyi ilə bağlı risklər və qlobal enerji bazarında baş verən dalğalanmalar alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasını aktuallaşdırıb. Bu baxımdan, layihə mümkün böhran vəziyyətlərində beynəlxalq ticarətin davamlılığını təmin edən əlavə təhlükəsizlik mexanizmi rolunu oynaya bilər. Eyni zamanda, bu təşəbbüs BƏƏ-nin uzunmüddətli iqtisadi strategiyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Ölkə təkcə enerji ixracatçısı deyil, həm də qlobal logistika və ticarət mərkəzi kimi mövqeyini möhkəmləndirməyə çalışır. Hörmüz boğazından yan keçən alternativ marşrutların və liman infrastrukturunun yaradılması BƏƏ-yə regional böhranlardan daha az asılı logistika sistemi formalaşdırmağa, investorlar və beynəlxalq yükdaşıma şirkətləri üçün daha etibarlı platforma təqdim etməyə imkan verəcək”.

Ekspert bu layihənin Hörmüz boğazını tam əvəz edə bilməyəcəyini əlavə edib:

“Çünki Fars körfəzində yerləşən əksər limanlar və enerji infrastrukturu hələ də dünya bazarlarına çıxış üçün bu strateji boğazdan istifadə edir. Lakin yeni terminallar marşrutların şaxələndirilməsinə, tədarük zəncirinin dayanıqlığının artırılmasına və geosiyasi risklərin beynəlxalq ticarətə təsirinin müəyyən qədər azaldılmasına ciddi töhfə verə bilər. Bu baxımdan, layihə gələcəkdə regionun logistika xəritəsində mühüm dəyişiklik yarada biləcək strateji investisiyalardan biri hesab oluna bilər”.

Fidan Hacızadə

D
demokrat.az