Mədəniyyət

AKİ-də baş verənlərə etiraz: tanınmış kino xadimləri bir araya gəldi

AKİ-də baş verənlərə etiraz: tanınmış kino xadimləri bir araya gəldi

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) qurumda yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

Bildirilib ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranıb.

Məlumata görə, seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlər kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət daşıdığından, AKİ-nin üzvü olan bir qrup tanınmış kino xadimi və ziyalı birgə bəyanatla aidiyyəti dövlət qurumlarına müraciət edib. Onlar seçki prosesinin Azərbaycan qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv keçirilməsi üçün peşəkar dəstək göstərilməsini xahiş ediblər.

Buna baxmayaraq, İttifaqın icraçı katibi Əli İsa Cabbarov son dövrlərdə sabiq sədrin verdiyi səlahiyyətlərdən istifadə edərək faktiki idarəçiliyi ələ keçirib və şəffaflıq prinsiplərinə əməl etmədən məhdud sayda üzvün iştirakı ilə təcili toplantı keçirib. Həmin toplantıda özünün AKİ sədri seçildiyini ictimaiyyətə elan edib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini, kvorumun təmin olunmadığını və digər prosedur pozuntularına yol verildiyini müəyyən edib. Bu səbəbdən sözügedən seçki legitim hesab edilməyib, qəbul olunan qərarlar hüquqi qüvvəyə minməyib və Əli İsa Cabbarovun sədr statusu təsdiqlənməyib.

Qeyd edilib ki, Hesablama Palatası da kino xadimləri və ziyalıların müraciətlərini nəzərə alaraq İttifaqın maliyyə fəaliyyətinin araşdırılmasına başlayıb. Yoxlamalar zamanı sədr səlahiyyətlərini mənimsədiyi iddia olunan icraçı katibin rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitin bir hissəsinin İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərcləndiyi müəyyən edilib.

Bildirilib ki, Hesablama Palatasının İttifaqa təqdim etdiyi arayışda dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və başqa məqsədlərə yönəldildiyi konkret faktlarla göstərilib.

Əli İsa Cabbarov bu faktlardan nəticə çıxarmaq əvəzinə dövlət qurumlarının rəyini qəbul etməyib, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar edib, təcrübəli kino xadimləri və ziyalıların çağırışlarını nəzərə almayıb, yenidən sədr vəzifəsinə yiyələnmək cəhdlərini davam etdirib.

Bu cür davranış dövlət institutlarının və Azərbaycan Kinematoqrafçılar İttifaqının nüfuzuna xələl gətirir, qanunun aliliyi və kollektiv idarəetmə prinsipləri ilə uzlaşmır. Diqqəti aşkar edilmiş maliyyə pozuntularından yayındırmağa yönələn addımlar digər qanun pozuntularına dair şübhələrin yaranmasına da əsas verir.

Məlumata əsasən, yaranmış vəziyyətlə əlaqədar keçirilən geniş tərkibli toplantıda 27-dən çox tanınmış kino xadimi, AKİ İdarə Heyətinin və Katibliyinin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvləri iştirak edib.

Toplantıda AKİ-də yaranmış vəziyyət ətraflı müzakirə olunub. İştirakçılar mərhum Xalq artisti Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Müzakirələrin yekununda iştirakçılar yekdilliklə belə qənaətə gəliblər ki, icraçı katib Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir.

Hazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarına rəsmi müraciət edildiyi, baş vermiş halların araşdırılması, onlara hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsinin xahiş olunur.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az