Son dövrlərdə yas mərasimlərində kütləvi zəhərlənmə halları ard-arda qeydə alınır. Bu hadisələr ictimai sağlamlıq və qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər hesab edirlər ki, kütləvi şəkildə hazırlanan və uzun müddət uyğun olmayan şəraitdə saxlanılan qidalar belə risklərin yaranmasına səbəb ola bilər. Baş verən hadisələr fonunda yas mərasimlərində yemək verilməsi ənənəsinin məhdudlaşdırılması və ya qadağan olunmasının mümkünlüyü də müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, 2020-ci ildən bu günə qədər dövlətimiz də müəyyən mənada bu israfçılığın qarşısını almaq istədi:
“Təəssüf ki, Heydər məscidində və digər məscidlərdə imkanlı insanlar bu qadağalara baxmadılar. İnsanların çoxu dövlətin bu addımını mənfi hal kimi qiymətləndirdi. Hamı dedi ki, mən babama, nənəmə, atama, anama və s. öz doğma insanıma vəfatından sonra ehsan verməsəm hamı mənə pis baxacaq, qınanacağam. Rayonlardan birində hətta bir nəfər şəxsə ehsan vermədikləri üçün gedib mərhumun qəbir daşını dağıtmışdı. Buna görə də ehsan verən insanlar məhsulların təzəliyindən, zəhərlənmə hallarına yol verilməyəcək qidalardan ehtiyatlı olmalıdırlar. Burada hamının məsuliyyəti var. Əsas da qida sahəsində çalışan insanlar bu mövzuda tamahkarlığa yol verməməlidirlər. Köhnəlmiş və xarab məhsullarını həmvətənlərimizə satıb onların zəhərlənmələrinə rəvac verməməlidirlər. Araşdırılıb həmin şəxslərə hüquqi cəzalar verilsə belə hallara yol verməzlər. Əsas da onu deyim ki, son günlər yas mərasimlərində baş verən kütləvi qida zəhərlənmələri hamımızı narahat edən ciddi problemdir. Burada söhbət təkcə bir yas məclisi ənənəsindən getmir, insan sağlamlığından və insan həyatından gedir. İslam dininin əsas məqsədlərindən biri də insanın canını qorumaqdır. Qurani Kərimdə buyurulur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə, 2:195). Başqa bir ayədə isə deyilir: "Kim bir canı xilas edərsə, sanki bütün insanları xilas etmiş olar" (Maidə, 5:32). Bu ayələr göstərir ki, insan həyatını riskə atan hər bir məsələ ciddi qiymətləndirilməlidir”.
O deyib ki, əslində yas mərasimində yemək verilməsi İslamın vacib buyurduğu ibadət deyil:
“Əksinə, Peyğəmbərimiz (s.ə.s.) Cəfər ibn Əbu Talib şəhid olduqda buyurmuşdu:
"Cəfərin ailəsi üçün yemək hazırlayın. Çünki onların başı öz dərdlərinə qarışıb" (Əbu Davud, Tirmizi, İbn Macə). Diqqət etsək görərik ki, hədisdə yeməyin mərhum sahibinin evində verilməsi deyil, əksinə, qonşuların və yaxınların yas sahibinə yemək aparması tövsiyə edilir. Bir çox qədim İslam alimləri, o cümlədən İmam Nəvəvi, İbn Qudamə, İbn Abidin və digər fəqihlər də yas sahibinin insanları qonaq edib süfrə açmasını bəyənilməyən adətlərdən hesab etmişlər. Çünki yas içində olan ailənin həm maddi, həm də mənəvi yükünü daha da artırmaq dinin ruhuna uyğun deyil. Yasın mahiyyəti nümayiş və yarış deyil, dua, təsəlli və mərhumun bağışlanmasını istəməkdir. Bizim cəmiyyətimizdə yas süfrəsi uzun illər ərzində sosial ənənəyə çevrilib. Lakin dinlə adəti bir-birinə qarışdırmaq düzgün olmaz. Din insanlara çətinlik yox, asanlıq gətirir. Quranda buyurulur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" (Bəqərə, 2:185). Müasir elmi araşdırmalar da göstərir ki, yüzlərlə insan üçün hazırlanan qidaların uzun müddət otaq temperaturunda saxlanılması bakteriyaların, xüsusilə Salmonella, Clostridium perfringens və Staphylococcus aureus kimi mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə bildirib ki, kütləvi qidalanma zamanı temperatur rejiminin pozulması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Xüsusilə yay aylarında bu risk daha da artır. Son illərdə müxtəlif ölkələrdə aparılan qida təhlükəsizliyi üzrə tədqiqatlar da eyni nəticəyə gəlib: böyük həcmdə hazırlanan yeməklərdə gigiyena və saxlanma qaydalarına tam əməl edilmədikdə kütləvi zəhərlənmə ehtimalı ciddi şəkildə yüksəlir”.
İlahiyyatçı diqqətə çatdırıb ki, məsələyə ciddi yanaşmaq lazımdır:
“Məqsəd əsrlərlə formalaşmış bütün ənənələri birdən-birə qadağan etmək yox, insan sağlamlığını qorumaqdır. Əgər hər hansı ənənə insanların həyatına təhlükə yaradırsa, onun yenidən tənzimlənməsi həm dini, həm hüquqi, həm də mənəvi baxımdan əsaslandırıla bilər. İslam hüququnun məşhur prinsiplərindən biri belədir: "Zərər vermək də olmaz, zərərə zərərlə cavab vermək də olmaz" (İbn Macə). Digər məşhur fiqh qaydası isə belədir: "Zərər aradan qaldırılmalıdır." Qanunvericilik baxımından da dövlətin vətəndaşların sağlamlığını qorumaq öhdəliyi var. Əgər müəyyən sahədə davamlı təhlükə yaranırsa, dövlət həmin istiqamətdə sanitariya qaydalarını sərtləşdirə, ictimai iaşəyə əlavə tələblər qoya və ya riskli halları məhdudlaşdıra bilər. Lakin hesab edirəm ki, ən doğru yol tam qadağa deyil. Daha məqsədəuyğun variant maarifləndirmənin gücləndirilməsi, qida təhlükəsizliyi standartlarının ciddi tətbiqi və yas mərasimlərinin daha sadə formada keçirilməsinin təşviq edilməsidir. Mən uzun illərdir yazılarımda da vurğulayıram ki, dinin məqsədi insanları ağır yük altında qoymaq deyil. Təəssüf ki, bəzən insanlar "el nə deyər" düşüncəsi ilə borca girərək təmtəraqlı yas süfrələri təşkil edir. Nəticədə həm maddi sıxıntı yaşayırlar, həm də bəzən insan sağlamlığını risk altına salan şərait yaranır. Halbuki mərhuma edilən ən böyük yaxşılıq israflı süfrələr deyil, onun adına edilən səmimi dua, verilən sədəqə və arxasınca qoyulan xeyirxah əməllərdir. Cəmiyyətimiz də zamanla bu istiqamətdə daha sağlam düşüncə formalaşdırmalıdır. Yas mərasiminin əsas mahiyyəti birlik, təsəlli və dua olmalıdır. İnsan həyatını riskə atan, ailələri maddi yük altında qoyan adətlər isə həm dini baxımdan, həm də sağlam cəmiyyət prinsipləri baxımından yenidən nəzərdən keçirilməlidir”.


