Siyasət Özəl

"Azərbaycan sözlə deyil, konkret layihələri ilə Avropaya inteqrasiya olunur"

Azərbaycan sözlə deyil, konkret layihələri ilə Avropaya inteqrasiya olunur

“Hazırda dünyada çox dərin dəyişikliklər baş verir. Tarix göstərir ki, belə transformasiyalar adətən ağrılı proseslərlə müşayiət olunur. Təsadüfi deyil ki, yeni dünya nizamının formalaşması çox vaxt müharibələr, münaqişələr və müxtəlif kataklizmlər fonunda baş verir. Bu baxımdan "tarixin mühərriki müharibələrdir" yanaşması mövcuddur və tarixə nəzər saldıqda bunun müəyyən nümunələrini görmək mümkündür”.

Bu sözləri Demokrat.az-a politoloq Tofiq Abbasov bildirib.

Politoloq dəyişikliklərin yalnız müharibələrlə deyil, məqsədyönlü islahatlar, inteqrasiya və əməkdaşlıq yolu ilə də həyata keçirilə biləcəyindən bəhs edib:

“Azərbaycan son illərdə, xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işləri həyata keçirən ölkələrdən birinə çevrilib. Bu gün ölkəmiz orta güc dövlət anlayışının tələblərinə cavab verir və təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında faydalı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Söhbət enerji kəmərlərinin çəkilməsindən, enerji daşıyıcılarının Avropaya çatdırılmasından və digər iri infrastruktur layihələrindən gedir. Azərbaycan inteqrasiya proseslərinə əməli töhfə verir, eyni zamanda regionda sabitliyin əsas dayaqlarını möhkəmləndirir. Bunun səbəbi də aydındır. Hazırda Avrasiya məkanında iki böyük gərginlik ocağı, Ukrayna və İran ətrafında baş verən hadisələr mövcuddur. Azərbaycan isə bu iki qaynar nöqtənin arasında yerləşir. Belə şəraitdə sülh tərəfdarı olan dövlətlər bir-biri ilə daha sıx əməkdaşlıq etməyə, inteqrasiya proseslərini gücləndirməyə, yeni ticarət və iqtisadi əlaqələr yaratmağa çalışırlar. Almaniya Avropanın ən böyük iqtisadiyyatı, dünyanın isə aparıcı iqtisadi güclərindən biridir. Azərbaycan isə Cənubi Qafqazın lider dövlətidir. Avropa İttifaqı da Azərbaycanın regionda oynadığı rolu yüksək qiymətləndirir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıya səfəri zamanı Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin sülhyönümlü siyasətini dəstəklədiklərini və Cənubi Qafqazda sülhün Avropanın da maraqlarına cavab verdiyini vurğulamışdı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merts də Azərbaycanın regionda həyata keçirdiyi sülh siyasətini yüksək qiymətləndirirlər. Bu artıq sirr deyil ki, Azərbaycan və Avropa qarşılıqlı şəkildə bir-birinə ehtiyac duyur və bir-birinə arxalanır. Azərbaycan sözlə deyil, konkret layihələri ilə Avropaya inteqrasiya olunur.

Avropa da açıq şəkildə bildirir ki, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz onun üçün strateji əhəmiyyət daşıyır. Qafqaz dedikdə isə əsas yükü məhz Azərbaycan daşıyır. Regionda sülhün təmin olunması Avropadan Şərqə uzanan yerüstü nəqliyyat və ticarət marşrutlarının təhlükəsiz fəaliyyət göstərməsi deməkdir. Bu marşrutlar böyük iqtisadi imkanlar yaradır və həm Azərbaycan, həm də Avropa bundan faydalanır”.

Tofiq Abbasov vurğulayıb ki, Almaniya və Azərbaycan fərqli miqyaslı dövlətlər olsa da, hər ikisi öz regionunda lider mövqeyə malikdir:

“Strateji tərəfdaşlıq çərçivəsində diqqət mərkəzinə gətirilən sahələr də bunu təsdiqləyir. Buraya yeni texnologiyalar, təhlükəsizlik, müdafiə sənayesi, hərbi sənaye, humanitar və mədəni əməkdaşlıq daxildir. Bütün bunlar həm indiki, həm də gələcək nəsillərin həyatına təsir göstərəcək istiqamətlərdir. Əgər tərəflər öz imkanlarını birləşdirə və bir-birini tamamlaya bilsələr, qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün olacaq. Xüsusilə innovasiya və texnologiyalar sahəsində Almaniyanın dünyada xüsusi nüfuza malik olduğu məlumdur. “Alman texnologiyası” anlayışının özü bunun göstəricisidir. Almaniya Azərbaycana inanır və hesab edir ki, öz təcrübəsini və üstünlüklərini Azərbaycanla bölüşməklə mühüm layihələrin həyata keçirilməsinə töhfə verə bilər. Bu təşəbbüslər təkcə Avrasiya məkanı üçün deyil, bütövlükdə dünya və beynəlxalq təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Məhz bu baxımdan Azərbaycan və Almaniya arasında İşgüzar Şuranın yaradılması barədə razılaşma xüsusi əhəmiyyət daşıyır. Bu addım münasibətlərin institusional əsaslarının daha da möhkəmləndiyini göstərir və Bakı ilə Berlinin strateji baxışlarının üst-üstə düşdüyünü təsdiqləyir. Müharibələr dövründə yalnız qarşıdurmalar deyil, dinc əməkdaşlıq proqramları da yeni dünya nizamının formalaşmasına töhfə verir. Kooperasiya və inteqrasiyanın əsas məqsədi insanların daha təhlükəsiz, daha rahat və ləyaqətli həyat şəraitində yaşamasını təmin etməkdir. Bu baxımdan Azərbaycan-Almaniya münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Almaniyada müxtəlif dövrlərdə Angela Merkel, Olaf Şolts, indi isə Fridrix Merts hakimiyyətdə olub. Hökumətlər dəyişsə də, Azərbaycanın strateji əhəmiyyətinə münasibət dəyişməyib. Bu da Azərbaycanın xarici siyasətinin və diplomatiyasının uğurlarını, rəsmi Bakının öz mövqeyini beynəlxalq tərəfdaşlarına düzgün çatdıra bildiyini göstərən mühüm göstəricilərdən biridir”.

Qeyd edək ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə tam yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamələr imzalanıb. Sənədlər iki ölkə liderləri tərəfindən təsdiqlənib.

Fidan Hacızadə

D
demokrat.az