Azərbaycan bu ilin ilk yarısında Gürcüstandan 82,8 milyon dollar dəyərində 2 456 minik avtomobili gətirib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər baxımından 35,6 faiz, sayıca 1,8 dəfə azalıb. Gürcüstanın ümumi avtomobil ixracında Azərbaycanın payı cəmi 6,34 faiz olub.
Ölkəmiz Gürcüstandan ən çox avtomobil alan beşinci ölkədir. İlk dördlükdə Qazaxıstan, Qırğızıstan, İran və Tacikistan qərarlaşıb. Ötən ilin ilk altı ayında isə Gürcüstandan ölkəmizə 128,6 milyon dollar dəyərində 4 421 avtomobil gətirilmişdi. İdxalın bu dərəcədə azalması yaxın yarımillikdə yerli ikinci əl avtomobil bazarında qiymət artımına gətirib çıxara bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən avtomobil eksperti Eldəniz Cəfərovun sözlərinə görə, hazırkı mərhələdə ölkədə köhnə avtomobillərin qiymətlərinin kəskin şəkildə bahalaşacağını demək üçün ciddi əsaslar yoxdur:
“Avtomobil bazarında qiymətlər ümumilikdə sabitliyini qoruyur və ikinci əl nəqliyyat vasitələrinin dəyərində nəzərəçarpacaq artım müşahidə edilmir. Alqı-satqı prosesləri əvvəlki templə davam edir, bazarda təklif və tələbat arasında ciddi disbalans yaranmayıb. Buna görə də yaxın aylarda, ən azı payız mövsümünə qədər ikinci əl avtomobillərin qiymətlərinin mövcud səviyyədə qalacağı, bazarda kəskin qiymət dəyişikliklərinin baş verməyəcəyi gözlənilir”.
Eldəniz Cəfərovun fikrinə əsasən, yalnız bazara təsir edə biləcək yeni iqtisadi qərarlar, idxal qaydalarında dəyişikliklər və ya valyuta məzənnəsində ciddi dalğalanmalar baş verərsə, qiymətlərə müəyyən təsirlər yarana bilər:
“Hazırkı vəziyyətdə isə bazarda sabitlik üstünlük təşkil edir”.
Yəni Gürcüstandan gətirilən maşınların sayı azalsa da, daxili bazardakı mövcud təklif tələbatı ödəyir və qiymət artımına zəmin yaratmır.


